Robert Prosineçki: "Milliyə gənc futbolçuları da dəvət etmişəm"

Robert Prosineçki: "Milliyə gənc futbolçuları da dəvət etmişəm" "Azərbaycanın U-17 yığmasının futbolçuları Premyer Liqada çıxış etməlidirlər"
Futbol
16 May , 2016 10:26
Robert Prosineçki: Milliyə gənc futbolçuları da dəvət etmişəm

Bakı. 16 may. REPORT.AZ/ "Azərbaycan yığmasını ilk oyunda çətin rəqibin gözlədiyini bilirdik. Stadionda xeyli azarkeş vardı və təzyiq də çox idi. Gedişat göstərdi ki, Portuqaliya turnirin favoritlərindən biridir". Bunu "Report"a açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Bakıda keçirilən Avropa çempionatındakı çıxışını dəyərləndirərkən deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, sonrakı qarşılaşmalarda toparlanmaq mümkün olub və nəticədə 4 xal qazanılıb: "Portuqaliya ilə oyundakı məğlubiyyətə baxmayaraq, komanda özünü toparladı, Belçika və Şotlandiyaya qarşı gözəl oyun nümayiş etdirdi. Nəticələr də məlumdur. Yığma çox xoş təəssürat bağışladı". 

Lakin R.Prosineçki U-17 üzvlərinin yaxın gələcəkdə əsas milliyə çağırılacağı haqda danışmağın tez olduğunu söyləyib. O, səbəb kimi həmin oyunçuların hələ Premyer Liqada çıxış etmədiklərini göstərib: "İlk növbədə onlara Premyer Liqada oynamaq üçün vaxt lazımdır. Futbolda əvvəlcədən nəsə demək çətindir. Həmin gənclər əsas çempionatda oynadıqdan sonra hansının millidə çıxış edəcəyinə baxıb, seçmək lazımdır".

Baş məşqçi əsas millinin mayın 23-dən Avstriyada start götürəcək təlim-məşq toplanışından da danışıb. O, heyətə yeni futbolçuların cəlb olunacağını söyləyib: "Eddi İsrafilovun düşərgəyə qoşulub-qoşulmayacağını dəqiq bilmirəm. Azərbaycan Kubokunun finalında çıxış edən "Qarabağ" və "Neftçi"nin futbolçuları düşərgəyə gec qoşulacaq. Mayın 26-da Andorra ilə oynayacağıq. Bu səbəbdən, bir neçə gənc oyunçu götürəcəyəm ki, əsas millidə oynasınlar. Artıq həmin futbolçuları müəyyənləşdirmişəm və tezliklə siyahı açıqlanacaq. Komanda iki həftəyə yaxın bir yerdə olacaq. Millidə bir arada olmaq üçün vaxt çox olmur. Bəzi şeyləri sınaqdan keçirmək imkanı var. Rəqiblər də maraqlıdır və bu, bizə görə də yaxşıdır".

47 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasındakı nəticələrə də münasibətini bildirib: "Turnir cədvəli göz qabağındadır. Nəticə belədirsə, demək ədalətlidir. Turnir cədvəli komandaların işlərinin nəticəsidir".

Son xəbərlər

Orphus sistemi