AFFA-nın I vitse-prezidenti: "Arsenal" Mxitaryanın müqaviləsinə yenidən baxmalıdır" - MÜSAHİBƏ - VİDEO

AFFA-nın I vitse-prezidenti: "Arsenal" Mxitaryanın müqaviləsinə yenidən baxmalıdır" - MÜSAHİBƏ - VİDEO AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyevin Reporta müsahibəsi:
Futbol
25 May , 2019 14:35
AFFA-nın I vitse-prezidenti: Arsenal Mxitaryanın müqaviləsinə yenidən baxmalıdır - MÜSAHİBƏ - VİDEO

AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyevin "Report"a müsahibəsi:

- Mayın 29-da Bakıda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında Avropa Liqasının final matçı keçiriləcək. Bu görüşlə bağlı fikirləriniz necədir?

- Azərbaycan idman ölkəsidir, buna qədər nə qədər mötəbər yarışlara ev sahibliyi etmişik. I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Formula-1" və s. Ondan əvvəl də ölkəmizdə müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları təşkil olunub. Belə böyük tədbir üçün Azərbaycan tam hazırdır. Avropa Liqası finalının Bakıya salınması özü bir mərhələdir. Bura gələnlər görəcəklər ki, necə yüksək səviyyəli təşkilatçılıq olur.

- İngiltərə mətbuatı neçə gündür final matçının Azərbaycanda keçirilməsini qaralayacaq silsilə yazılar dərc edir. Buna münasibətiniz necədir?

- Finalda İngiltərənin iki təmsilçisi mübarizə aparacaq. Belə bir sual verim: niyə "Çelsi"nin səsi çıxmır, amma "Arsenal"la bağlı çox şey yazırlar? Çünki "Arsenal"da Henrix Mxitaryan oynayır və bunu da erməni lobbisi edir. Onlar bu ölkədə belə böyük tədbirlərin keçirilməsini qəbul edə bilmirlər. Azərbaycan hökuməti və UEFA tərəfindən təhlükəsizliyə təminat da verilib, məktublar da göndərilib. Gəl, oyna da... Bununla bağlı bir misal çəkim: Ölkəmizdə aerobika üzrə Avropa çempionatı keçirilir. Rusiya millisinin heyətində iki erməni bacı-qardaş da burdadır. Bakıya gəliblər, şəhəri gəziblər. Dünən müsahibələrində də dedilər ki, bura tam təhlükəsiz yerdir. 

- Mxitaryan doğrudanmı Bakıya təhlükəsizlik səbəbindən gəlməyib? 

- Gəlsəydi, Mxitaryana nə olacaqdı ki? Birincisi, klubun futbolçususan. İkincisi, məncə, "Arsenal" rəhbərliyi onun müqaviləsinə baxmalıdır. Mxitaryanın imtinası düzgün addım deyil, klubun qanunlarını pozub. Bu üzdən də klub bu məsələyə baxmalıdır. Təhlükəsizliklə bağlı heç bir problem yoxdur. UEFA prezidenti Aleksander Çeferin də çıxışında finalın Bakıya salınmasını dəstəkləyib və bildirib ki, UEFA infrastrukturu genişləndirir. Bütün bunlar erməni lobbisinin işləridir. Dünyada ən ali orqan Birləşmiş Millətlər Təşkilatıdır. Bu qurumun 4 qətnaməsi var ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan çıxmalıdır. Üstündən 26 il vaxt keçib, çıxıbmı? Bu, ikili standartdır. Buna görə də, İngiltərə mətbuatında yazılanların hamısı boş şeylərdir. Final yüksək səviyyədə təşkil olunacaq. Eyni zamanda gələn il Avropa çempionatının 4 qarşılaşması ölkəmizdə oynanılacaq. Azərbaycan buna tam hazırdır, cənab Prezident tərəfindən hər bir sərəncam verilib, gözəl stadionumuz var, Təşkilat Komitəsi yaradılıb. Hesab edirəm ki, bu söz-söhbətlər mənasız şeylərdir.

- Finalda hansı komandaya azarkeşlik edəcəksiniz?

- Artıq "Çelsi"yə azarkeşlik edəcəyəm.

- Sırf Mxitaryana görə?

- Bəli.

- Düşünmürsünüz ki, Mxitaryan bu addımı Ermənistan hakimiyyətinin təzyiqi ilə atıb?

- Bu da ola bilər. Amma ölkənin fərqli, klubun isə fərqli qanunları var. Onların hakimiyyəti buna icazə verməsə də, əminəm ki, məsələyə hüquqi tərəfdən baxılacaq. Biri var ki, klub Mxitaryanın qalmasını qərara alsın, biri də var futbolçu imtina etsin. Hər cür şərait var və təhlükəsizlik təmin olunub. Belədə ona sual verilməlidir ki, niyə imtina edirsən? Onların hökumətinin nə düşündüyü bizi maraqlandırmır, biz ölkə olaraq yalnız irəli getməyə çalışırıq.

Son xəbərlər

Orphus sistemi