Qurban Qurbanov: "Rəşad Sadıqovun oynaması niyə bu qədər müzakirə olunur?" - MÜSAHİBƏ

Qurban Qurbanov: "Rəşad Sadıqovun oynaması niyə bu qədər müzakirə olunur?" - MÜSAHİBƏ "İstərdim ki, milli komandanın üzvlərinin hər biri daha yaxşı çempionatlarda çıxış etsin"
Futbol
7 Mart , 2018 13:32

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov eyni zamanda üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirib. 46 yaşlı mütəxəssis "Report"un da suallarını cavablandırıb...

- Öncə İcraiyyə Komitəsindəki işinizlə bağlı danışmaq istərdik. Mətbuatda belə xəbərlər yayıldı ki, milli komandaya baş məşqçi təyin olunandan sonra komitədən ayrılacaqsınız...

- Düzü, bu mövzu keçən dəfə də müzakirə olundu. Bir az uzaqlaşmaq istəyirdim. Mənə buradakı işimi də davam etdirməyi tövsiyə etdilər. Ona görə buradakı işimə hələ ki davam edəcəyəm. Bu gün bu barədə müzakirıə olmadı.

- Milli komandadakı köməkçiniz Elçin Rəhmanovu Türkiyəyə Ufuk Budakın oyununu izləməyə göndərdiniz. Ancaq Budak həmin qarşılaşmada meydana çıxmadı. Rəhmanov futbolçunun o biri oyunlarını izləmək üçün orada qalacaqmı?

- Futbolçunun oyununa stadiondan canlı baxmaq şərt deyil. Həm baxmaq, həm də onunla görüşmək üçün təşkil olunan səfər idi. Ufukun bütün oyunlarına televiziya vasitəsilə baxırıq. Ona görə burada ciddi problem görmürəm.

- Elçin Rəhmanovla Ufuk Budak arasında söhbət olubmu və əgər olubsa, futbolçu milliyə qayıtmağa razılıq veribmi?

- Ufuk milli komandamızın üzvüdür. Bir neçə oyuna çıxmayıbsa, bu, o demək deyil ki, yığmadan kənarda qalmalıdır. Budak millidə də çıxış edib. Məqsədimiz onu dəvət etmək deyildi. Bunu özü də bilir ki, millinin üzvüdür. Ötən toplanışda iştirak edənlərdən kimsə növbəti hazırlıq prosesindən kənarda qala bilər. Həmin futbolçuları görməyə bilərsiniz. Sadəcə, onunla maraqlanmaq, həyat tərzi və iş prinsipləri ilə yaxından tanış olmağı planlaşdırdıq. Oynasaydı, daha yaxşı olardı. Lakin oynamaması da bizə problem yaratmadı.

- Almaniyada da legionerlər var. Ora da köməkçilərinizi göndərməyi planlaşdırırsınız?

- Biz yavaş-yavaş bu prosesə başlamışıq. Almaniyadan hələ ki, Dmitri Nazarovu dəvət edəcəyik. Onunla burada görüşəcəyik. Lazım olsa, digər futbolçularla da görüşlər olacaq.

- Rüfət Dadaşov barədə nə fikirləşirsiniz? Aşağı liqada oynasa da, stabil olaraq qollar vurur...

- Onun oyununu mən də izləyirəm. Yaxşı çıxış edir. Son bir ilə baxıb, qərar vermək bir az düzgün olmaz. Milli komandada hansı futbolçular olublarsa, onlarla maraqlanırıq və maraqlanacağıq.

- Milli komandanın üzvü Deniz Yılmazla bağlı Robert Prosineçkinin məşqçiliyi vaxtı problemlər oldu. Sanki Yılmaz burada olmaq istəmirdi. Onunla da maraqlanırsınız?

- Əvvəldən qeyd etdiyim kimi, hər bir futbolçumuzla maraqlanırıq. Çalışırıq ki, hər biri ilə daha yaxından tanış olaq. Biri var onun haqqında eşitmək, biri də var oyununu izləmək, söhbət etmək və xarakterinə daha yaxından bələd olmaq. Hər biri ilə maraqlanırıq. Sadəcə, Deniz son vaxtlar intensiv oynamır.

- Yığmanın oyunu ilə bağlı çempionatda fasilə yaranacaq. Bu fasilə böyük olduğundan, klublara təsir etməyəcəkmi və klublar bundan narazılıq edib?

- Heç bir klub narazılıq etməyib. Təkcə bizdə yox, bütün çempionatlarda belə hallar yaşanır. Sadəcə, ola bilər ki, bizdə fasilə bir az çox olsun. Bu, ilk belə hadisə deyil. İllər boyu təkrarlanıb. Hər klub çalışır ki, milli komanda üçün öz vəzifəsini yerinə yetirsin.

- Kosovo millisi bu ay Fransada iki yoldaşlıq oyunu keçirəcək. Afrika ölkələrinin yığmaları ilə qarşılaşacaqlar. Bu ölkəyə köməkçilərinizin getmək ehtimalı var?

- Bəli. Belə bir istəyimiz var.

- Yığmanın heyətini açıqlamaq üçün çempionatın son turunu gözləyəcəksiniz?

- Premyer Liqanın son turunun axşamı millinin heyətini açıqlayacağıq.

- "Qəbələ" - "Neftçi" matçını canlı izlədiniz. Həmin oyunda diqqətinizi çəkən futbolçular oldu?

- Həmin oyunda futbolçuların yaxşı və pis tərəfi də nəzərə çarpdı. Diqqətimi cəlb edən futbolçu da oldu. Məni narahat edən məqamlarla da rastlaşdım.

- Son vaxtlar Ramil Şeydayev məsələsi gündəm idi. Sizcə, Azərbaycan millisinə daha çox kömək etməsi üçün onun "Qarabağ"dan getməsi məsləhət deyilmi?

- Hər futbolçunun formasını yaxşılaşdırması üçün onun daim oynaması lazımdır. Futbolda 11 nəfər meydanda olur. Artıq futbolçuları meydana buraxa bilmirik. Belə olduğu halda hər hansı oyunçu istər-istəməz kənarda qalır. Amma istərdim ki, milli komandanın üzvlərinin hər biri daha yaxşı çempionatlarda çıxış etsin. Ən azından əsas heyət üzvlərindən biri yaxşı komandada olsun, mövsüm ərzində isə oyunların 80 faizində çıxış etsin. Bu, təkcə Ramillə bağlı məsələ deyil. Elə futbolçular var ki, onların oyun təcrübələrinin çox olmasını istəyirəm. Əfsuslar olsun ki, onlar milli komandadan kənarda qalıblar. Lakin bu, o demək deyil ki, Ramil oynamır. O, 4 tur əvəzedici heyətdə çıxış edib. Ən azı, oyun performansını qoruyaraq saxlayıb. Belə problemlər daim olub, var və yenə olacaq.

- Rəşad Sadıqovun futbolçu karyerası son günlər müzakirə olunmaqdadır. Onun yığmada baş məşqçisi olduğu futbolçuya qarşı klubların oyununda çıxış etməsi nə dərəcədə düzgündür?

- Oynaması niyə bu qədər müzakirə olunur? Futbolçunun gücü varsa, oynamağı bacarırsa, ən yaxşılardandırsa, niyə oynamasın? Ona klub olaraq, ehtiyacımız varsa, niyə komandadan, futboldan uzaqlaşdırmağa çalışırıq? Rəşadla həmyaşıd olan Ansi Aqollini götürək. Bu iki futbolçunu bütün gənclərə nümunə göstərərdim. Onların peşəkarlıqları, işlərinə yanaşmaları... Belə oyunçuları biz erkən göndərməli deyilik. Özünüz də dünya futbolunda belə halların şahidi olmusunuz. Məsələn, Xavyer Zanetti 38 yaşınadək İtaliya "İnter"inin ən yaxşılardan idi.

- Məsələ yaşda deyil. Söhbət Rəşad Sadıqovun öz futbolçusuna qarşı oynamasından gedir...

- Burada nə problem var? Bu, əksinə, həm Rəşadın özü, həm də futbolçu üçün ikiqat məsuliyyət deməkdir. Düşünürəm ki, bu zaman futbolçular Sadıqova özlərini daha yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Futbol elə bir oyundur ki, burada dəyişikliklər daim olacaq. Yaxşı olanı qoruyub saxlamalıyıq. Yaşa və ya digər amillərə önəm verməli deyilik.

- Xama Billiatın "Qarabağ"a keçib-keçməyəcəyi dəqiqləşib?

- Hazırda bu məsələ bağlanılıb. Çünki qış transfer dövrü bitib. Danışıqlar da dayanıb. Hazırda buna ehtiyac yoxdur. Lakin transfer siyahımızdakı bir neçə oyunçu arasında onun da adı var. Hazırda "komandamıza gələcək" deyə fikir yoxdur.

- Onun oyununu canlı izləmək fikriniz var?

- Xeyr, buna ehtiyac yoxdur. Onu yaxından tanıyırıq.

- AFFA İcraiyyə Komitəsinin iclasında I Diviziondan 2 klubun danışılmış oyunlarda iştirakına görə kənarlaşdırılma məsələsi müzakirə olundu?

- Danışılmış oyunlar barədə müzakirə getdi. Amma klubların kənarlaşdırılma məsələsi müzakirə olunmadı.

Son xəbərlər

Orphus sistemi