"Qəbələ"nin UEFA Gənclər Liqasındakı bütün potensial rəqibləri müəyyənləşib

"Qəbələ"nin UEFA Gənclər Liqasındakı bütün potensial rəqibləri müəyyənləşib Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Qəbələ”nin bütün potensial rəqibləri müəyyənləşib.
Futbol
29 Avqust , 2019 16:56
Qəbələnin UEFA Gənclər Liqasındakı bütün potensial rəqibləri müəyyənləşib

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Qəbələ”nin bütün potensial rəqibləri müəyyənləşib.

“Report” xəbər verir ki, bu, Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarından sonra dəqiqləşib. AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi qismində turnirə vəsiqə qazanan əyalət təmsilçisi Çempionlar Yolunda yer alacaq.

Əsasnaməyə uyğun olaraq, yarışa UEFA-nın reytinqində ilk 32 pillədə qərarlaşan milli assosiasiyaların təşkil etdikləri Gənclər Liqasının qalibləri qatılmalıdır. Lakin Lixtenşteyndə analoji yarış keçirilmədiyi üçün vakant yer 33-cü sıradakı Moldovaya verilib.

Həmçinin “Atalanta” (İtaliya), “Borussiya” (Dortmund, Almaniya), “Lokomotiv” (Moskva, Rusiya), “Genk” (Belçika), “Qalatasaray” (Türkiyə), “Zaltsburq” (Avstriya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ayaks” (Hollandiya) və “Slaviya” (Çexiya) klublarının əsas komandaları Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqları üçün onların gənclərdən ibarət kollektivləri Gənclər Liqasında Çempionlar Liqası Yolunda çıxış edəcəklər.

Bu komandaları isə reytinqdə müvafiq olaraq, növbəti sıralarda qərarlaşan ölkələrin – Albaniya, İslandiya, Makedoniya, Finlandiya, İrlandiya, Bosniya və Herseqovina, Latviya, eləcə də ilk dəfə olaraq, Estoniya çempionu əvəzləyib.

“Qəbələ”nin potensial rəqiblərinə gəlincə, bunlar “Saraqosa” (İspaniya), “Derbi” (İngiltərə), “Renn” (Fransa), “Portu” (Portuqaliya), “Yanq Boyz” (İsveçrə), PAOK (Yunanıstan), “Midtyulland” (Danimarka), “Makkabi” (Petah-Tikva, İsrail), APOEL (Kipr), “Viitorul” (Rumıniya), “Korona” (Polşa), “Elfsborq” (İsveç), “Lüdoqorets” (Bolqarıstan), “Brodarats” (Serbiya), “Reyncers” (Şotlandiya), “Minsk” (Belarus), “Astana” (Qazaxıstan), “Soqndal” (Norveç), “Domjale” (Sloveniya), “Slovan” (Bratislava, Slovakiya), “Şerif” (Moldova), “Şkendiya” (Albaniya), “Akranes” (İslandiya), MTK (Macarıstan), “Şkendiya” (Makedoniya), “Honka” (Finlandiya), “Bohemians” (İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Liepaya” (Latviya) və “Levadiya” (Estoniya) komandalarıdır.

Çempionlar Liqasının püşkatması bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Çempionlar Yolunun püşkatması isə sentyabrın 3-də keçiriləcək və saat 16:00-da start götürəcək. Püşkatma ərəfəsində komandalar arasında coğrafi prinsiplərə əsasən, bölgü aparılacaq və "Qəbələ"nin potensial rəqiblərinin sayı 7-yə enəcək.

Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər. 

Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda pley-offda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektiv ilə üz-üzə gələcək. Pley-off oyunları 11 - 12 fevralda, 1/8 final matçları 3 - 4 martda, 1/4 finalın görüşləri isə 17 - 18 mart keçiriləcək. Yarımfinal ilə final matçları müvafiq olaraq aprelin 17-də və 20-də Nyonda baş tutacaq. Bu mərhələlərdə qaliblər bir oyunla müəyyənləşəcək. 

Qeyd edək ki, “Qəbələ” Gənclər Liqasında üçüncü dəfə çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi