Lionel Messi: “40 yaşımda futbol oynayacağımı rahat təsəvvür edə bilərəm"

Lionel Messi: “40 yaşımda futbol oynayacağımı rahat təsəvvür edə bilərəm" "Bu mövsüm Çempionlar Liqasında qalib olmağa köklənmişik"
Futbol
4 Sentyabr , 2018 12:23
Lionel Messi: “40 yaşımda futbol oynayacağımı rahat təsəvvür edə bilərəm

Bakı. 4 sentyabr. REPORT.AZ/ “40 yaşımda futbol oynayacağımı rahat təsəvvür edərdim. Karyeramı başa vurandan sonra nə ilə məşğul olacağımı hələlik bilmirəm”.

“Report” xəbər verir ki, bunu İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi “Catalunya Radio”ya müsahibəsində deyib. 31 yaşlı kapitan hazırda yalnız harada və nə qədər oynaya biləcəyini düşündüyünü söyləyib: “Vaxtı çatanda nə ilə məşğul olacağıma dair qərar qəbul edəcəyəm. Hazırda yalnız müqaviləm başa çatana qədər baş verəcəklər haqqında fikirləşirəm. Bundan sonra klubla hər şeyi müzakirə edib, nə etməli olduğumuzla bağlı qərar verəcəyik. Planım Barselonada qalmaqdır. Uşaqlarım yerli məktəbdə təhsil alırlar, onların dostları var. Başqa şeylərlə müqayisədə, bu barədə daha çox düşünürük”.

Argentinalı hücumçu yeni mövsümdə əsas hədəflərinin Çempionlar Liqasını (ÇL) qazanmaqdan ibarət olduğunu söyləyib. Messi bunu reallaşdıracaq gücdə olduqlarını vurğulayıb: “ÇL-də uğurlu oynamalıyıq. Çünki son dörd ildə mübarizəni 1/4 finalda dayandırmışıq. Ötən mövsümdəki aqibətimiz isə ən pisi idi. Bu turnirdə qalib olmağa köklənmişik. Bunu reallaşdıracaq gücdəyik. İlbəil iştirakçıların tərkibi səviyyə baxımından bərabərləşir. Klublar oyunçu alışı üçün böyük pullar sərf edirlər. Mən Mançester klublarından, “Çesli”, “Real Madrid” və bizdən, eləcə də İtaliyanın bəzi klublarından danışıram”.

Qeyd edək ki, “Barselona” La Liqada yeni mövsümə ardıcıl 3 qələbə ilə başlayıb və 9 xalla 1-ci pillədə qərarlaşıb. Lionel Messi bu oyunlarda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi