Azərbaycan Kubokunun finalında 10 ildən sonra ilk dəfə əyalət təmsilçiləri qarşılaşacaq

Azərbaycan Kubokunun finalında 10 ildən sonra ilk dəfə əyalət təmsilçiləri qarşılaşacaq Mayın 5-də təşkil olunacaq həlledici görüş "Qəbələ" ilə "Qarabağ" komandaları arasında olacaq
Futbol
5 Aprel , 2017 21:38
Azərbaycan Kubokunun finalında 10 ildən sonra ilk dəfə əyalət təmsilçiləri qarşılaşacaq

Bakı. 5 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun final matçında 10 ildən sonra ilk dəfə əyalət təmsilçiləri üz-üzə gələcəklər.

"Report"un məlumatına görə, mayın 5-də təşkil olunacaq həlledici görüş "Qəbələ" ilə Ağdamın "Qarabağ" komandaları arasında olacaq. 

Onların hər ikisi yarımfinalda paytaxt klublarını mübarizədən kənarlaşdırıb. "Qarabağ" "Neftçi"ni səfərdə 2:0 hesabı ilə yendikdən sonra evdə qolsuz bərabərliklə mərhələ adlayıb. "Qəbələ" isə "İnter"i səfərdə 3:1, evdə 2:0 hesablı qələbələrlə üstələyib.

Sonuncu dəfə əyalət təmsilçiləri ölkə kubokunun finalında 2006-2007 mövsümündə qarşılaşıb. 2007-ci il mayın 28-də keçirilmiş görüşdə "Xəzər Lənkəran" İmişlinin "MKT-Araz" komandasını 90-cı dəqiqədə Rəşad Kərimovun vurduğu qolla yenib - 1:0. Artıq Lənkəran komandası nə Premyer Liqada, nə də I Divizionda mübarizə aparır. "MKT-Araz" isə elə 2007-ci ildə fəaliyyətini dayandırıb.

Digər tərəfdən, "Qarabağ" tarixində 9-cu, ardıcıl 3-cü dəfə Azərbaycan Kubokunun finalına yüksəlib. Əvvəlki 8 görüşdən 5-də, o cümlədən, ötən 2 mövsümdə qalib gələn Ağdam komandası 3 dəfə məğlubiyyətlə üzləşib. "Qəbələ" isə tarixində ikinci dəfə finala adlayıb. İlk belə hal 2013-2014 mövsümündə baş verib. 2014-cü il mayın 22-də keçirilmiş qarşılaşmada əsas vaxt 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə paytaxt təmsilçisi üstün olub - 3:2.

Qeyd edək ki, final matçının Naxçıvanda təşkili nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi