"Qələbə qazanaraq komandanı tərk etməyim mənim üçün xoşdur. Üç xalla və qələbə ilə vidalaşmaq məndə yaxşı əhvali-ruhiyyə yaratdı".
"Report" xəbər verir ki, bunu "Qarabağ"la yollarını ayıran albaniyalı futbolçu Ansi Aqolli jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli müdafiəçi "Səbail"lə görüşdə meydana çıxmadığı üçün məyus olmadığını söyləyib. 32 yaşlı oyunçu bildirib ki, 317 dəfə "Qarabağ"ın forması ilə meydanda olub və bu, onun üçün hər şey deməkdir: "Təbii ki, ailə amili ABŞ-ın “Nyu York Kosmos” klubuna keçməyimdə çox böyük rol oynadı. Elə bir yaşdayam ki, həyatımla bağlı düzgün qərarlar verməliyəm. Düşünürəm ki, doğru qərar almışam. Həyat davam edir. Nə zamansa başlayan həm də nə vaxtsa bitməlidir".
Aqolli Ağdam təmsilçisinin hazırda düzgün yolda olduğunu sözlərinə əlavə edib: "Klubun düzgün yolda olduğuna inanıram. Bu il də komandanın çempion olmasını istəyirəm və arzulayıram. "Qarabağ" fərdlərdən ibarət deyil, "Qarabağ bir sistemdir.
Müdafiəçi "Qarabağ həqiqətlərini getdiyiniz yerdə təbliğ edəcəksiniz" sualına "Əlbəttə" cavabını verib: "Bir gün "Qarabağ"ın Ağdamda oyununu görəcəyik".