Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB-7

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB-7 Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Fərdi
15 Sentyabr , 2019 17:06
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB-7

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Əzizli 3-cü yer uğrunda görüşdə ABŞ təmsilçisi Maks Emilyano Nurini vaxtından əvvəl tam üstünlüklə (ABŞ) məğlub edib.


***13:25

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün mübarizəyə qoşulan Azərbaycanın hər 3 yunan-Roma güləşçisi çıxışlarını başa vurub.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Rəsul Çunayev (67 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyevin (97 kq) uduzduqları rəqiblər finaladək yüksələ bilməyiblər.

Bu səbəbdən, azərbaycanlı pəhləvanlar təsəlliverici görüşə qatılma şanslarını da itiriblər.

İlk yarış günündə qeyri-olimpiya çəkisi sayılan 82 kq-da Rafiq Hüseynov bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. 55 kq-dakı Eldəniz Əzizli isə bürünc medal görüşünə çıxacaq. Elman Muxtarov (63 kq) və Sənan Süleymanov (72 kq) isə mübarizəni dayandırıblar.


***12:30

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı 1/16 final mərhələsində qazaxıstanlı Yerulan İskakovla qarşılaşıb.

Görüş İskakovun qələbəsi ilə yekunlaşıb - 2:1. Beləliklə, Nuriyev ümidini bürünc medal üçün təsəlliverici görüşlərə saxlayıb. Bunun üçün İskakov finaladək irəliləməlidir.

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov isə 1/8 final görüşünü keçirib.

87 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı iranlı Ramin Soltanmorad Taherisərtəng ilə üz-üzə gəlib. Qarşılaşma Abbasovun məğlubiyyəti ilə yekunlaşıb - 0:6. Beləliklə, bu gün mübarizəyə qoşulan azərbaycanlı hər üç pəhləvan qızıl medal şansını itirib. Onlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün uduzduqları güləşçilərin finaladək yüksəlməsinə ümid etməli, daha sonra təsəlliveici görüşlədə bürünc medal uğrunda döyüşlərədək irəliləməlidirlər.


***11:02

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında ilk görüşünü keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı 1/16 final mərhələsində gürcüstanlı Qurami Xetsuriani ilə qarşılaşıb. İlk yarını 3:0 hesabı ilə öndə tamamlayan İslam ikinci hissədə daha bir xal alaraq, qələbəyə nail olub - 4:0.

Onun 1/8 final mərhələsindəki rəqibi iranlı Ramin Soltanmorad Taherisərtəng olacaq.


***10:30

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev 1/16 final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançının rəqibi cənubi koreyalı Hansu Ryu olub.

İlk yarıda 0:1 hesabı ilə geri düşən Çunayev ikinci hissədə də vəziyyəti dəyişə bilməyib. Nəticədə o, 1:2 hesabı ilə uduzaraq, ümidini təsəlliverici görüşlərə saxlayıb. Bunun üçün Ryu finaladək irəliləməlidir.


***09:34

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən Rəsul Çunayev mübarizəyə qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançı təsnifat mərhələsində macar Mate Kraşnaya vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.

Çunayevin 1/16 finaldakı rəqibi cənubi koreyalı Hansu Ryu olacaq.


***09:29

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının ikinci yarış günündə yunan-Roma güləşi üzrə 67 kq, 87 kq və 97 kq çəki dərəcələrində mübarizə gedəcək.

"Report" xəbər verir ki, ilk yarış günü ilə müqayisədə bugünkülər olimpiya çəki dərəcələri sayılır.

Hər çəkidə ilk "6-lığ"a düşən pəhləvanlar olimpiadaya lisenziyanı təmin edəcəklər. Bunun üçün ən azı yarımfinaladək və ya bürünc medal görüşünədək irəliləmək lazımdır.

Azərbaycanı bu çəkilərdə dünya çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev, builki Avropa çempionatının və "Minsk 2019" II Avropa Oyunlarının gümüş mükafatçısı İslam Abbasovla yanaşı, Orxan Nuriyev təmsil edəcək. Onlardan Çunayev mübarizəyə təsnifat, Abbasovla Nuriyev isə 1/16 final mərhələsindən başlayacaq.

Dünya çempionatı

15 sentyabr

67 kq

Təsnifat. Rəsul Çunayev - Mate Kraşnay (Macarıstan)

87 kq

1/16 final. İslam Abbasov - Qurami Xetsuriani (Gürcüstan)

97 kq

1/16 final. Orxan Nuriyev - Yerulan İskakov (Qazaxıstan).

Son xəbərlər

Orphus sistemi