İlin sonunadək keçiriləcək çempionatların təqvimi açıqlandı

İlin sonunadək keçiriləcək çempionatların təqvimi açıqlandı Plana əsasən, gənclər arasında mundial 4 - 10 dekabrda, böyüklər arasında analoji yarış isə 12 - 20 dekabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək
Fərdi
6 İyul , 2020 20:49
İlin sonunadək keçiriləcək çempionatların təqvimi açıqlandı

Dünya Güləş Birliyi (UWW) ilin sonunadək keçirilməsi planlaşdırılan dünya və Avropa çempionatlarının yeni təqvimini açıqlayıb.

"Report"un məlumatına görə, yeniyetmələr arasında Avropa çempionatının 5 - 11 oktyabrda Polşada (şəhər bəlli deyil), gənclərin Avropa çempionatının 19 - 25 oktyabrda Şimali Makedoniyanın paytaxtı Skopyedə, U-23 dünya çempionatının isə 23 - 29 noyabrda Finlandiyanın Tampere şəhərində keçirilməsi planlaşdırılır. 23 yaşadək güləşçilərin dünya çempionatını təşkil etmək mümkün olmasa, həmin tarixlərdə bu yaş qrupu üzrə qitə birinciliyinin keçirilməsi nəzərdə tutulub.

UWW mövcud şəraiti nəzərə alaraq gənclər və böyüklər arasında dünya çempionatının eyni məkanda baş tutmasını məqsədəuyğun sayır. Plana əsasən, gənclər arasında mundial 4 - 10 dekabrda, böyüklər arasında analoji yarış isə 12 - 20 dekabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Ancaq bu yarışların göstərilən tarixlərdə və məkanlarda keçirilməsi üçün müəyyən şərtlər var. Dünyanın 10 ən yüksək reytinqə malik komandasından minimum 8-nin və ölkələrin 70 faizinin iştirakı vacibdir.

UWW bəyan edib ki, Ümumdünya Təhlükəsizlik Təşkilatı və Beynəlxalq Olimpiya Komitəsinin Tibb departamenti ilə sıx əməkdaşlığını davam etdirəcək və yarışlarla bağlı fəaliyyətini buna uyğun quracaq. Avqustda UWW-nin İcraiyyə Komitəsinin növbəti onlayn iclası keçiriləcək. Həmin tədbirdə yarışların təqvimi təsdiqlənəcək.

Son xəbərlər

Orphus sistemi