​TAP beynəlxalq tender elan edir

​TAP beynəlxalq tender elan edir Seçilən şirkətlər 2016-cı ilin ortalarında elan olunacaq
Energetika
21 Sentyabr , 2015 18:13
​TAP beynəlxalq tender elan edir

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik boru kəməri (TAP) layihəsi üzrə yaradılmış konsorsium şirkətləri SCADA sisteminin və fiber-optik xəttin tədarükü və təslimi üzrə işlərin həyata keçirilməsi ilə bağlı beynəlxalq tender elan edir.

Konsorsiumdan "Report"a verilən məlumata görə, seçilmiş şirklətlərlə bağlanmış müqavilə sonuncu paket müqaviləsi olacaq.

Konsorsium tenderdən öncə isə şirkətləri ön qiymətləndirməyə dəvət edir. Ön qiymətləndirmə üçün şirkətlər bu ayın 30-dək müraciət edə bilərlər.

Bu mərhələdən sonra isə bu ilin sonunda tenderdə iştirak üçün dəvət olacaq.

İşin həcminə SCADA sisteminin layihələndirilməsi, təslimatı və quraşdırılması, telekommunikasiya sistemi və təhlükəsizlik sisteminin təminatı daxildir.

SCADA sistemi 878 km uzunluğundakı boru xəttinin kompleks və fasiləsiz monitorinq və nəzarətini həyata keçirəcək.

İşin həcminə, həmçinin 1 550 km uzunluğunda fiber-optik xəttin hazırlanması və çəkilməsi daxildir.

TAP-ın layihə direktoru Norman İngram bildirib ki, bununla TAP tədarük prosesində vacib mərhələyə daxil olur. O qeyd edib ki, SCADA və fiber-optik xətt birlikdə boru kəməri əməliyyatlarının təhlükəsiz, effektiv monitorinqini və nəzarətini həyata keçirən nəzarət sisteminin işini asanlaşdıracaq.

Seçilən şirkətlər 2016-cı ilin ortalarında elan olunacaq.

Qeyd edək ki, TAP boru kəməri ilə "Şahdəniz" yatağının ikinci mərhələsindən hasil olunan qaz Avropaya çatdırılacaq. Boru kəmərinin uzunluğu 878 km-dir və Türkiyə-Yunanıstan sərhədində TANAP-a qoşulacaq (boru kəməri İtaliyaya qədər davam edəcək). İlkin mərhələdə bu boru kəməri ilə ildə 10 mlrd. kubmet qaz nəql olunacaq.

Xatırladaq ki, TAP-da BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi