TAP Albaniyaya birbaşa xarici investisiyanı artırıb

TAP Albaniyaya birbaşa xarici investisiyanı artırıb Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində Albaniyaya birbaşa xarici investisiyanın məbləği artıb.
Energetika
11 İyun , 2019 15:52
TAP Albaniyaya birbaşa xarici investisiyanı artırıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində Albaniyaya birbaşa xarici investisiyanın məbləği artıb.

“Report” Albaniya KİV-inə istinadən xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, bu ilin I rübündə ölkəyə birbaşa xarici investisiyanın həcmi 1,6% artaraq 285,6 mln. avroya çatıb.

2018-ci ildə birbaşa xarici investisiyanın məbləği 1,02 mlrd. avroya qədər artıb. 2017-ci ildə isə bu rəqəm 899,9 mln. avro təşkil edib.

Hazırda Albaniya iqtisadiyyatında inestisiyalar iki böyük enerji layihəsi - TAP-ın inşası və Devoll çayında hidroenerji stansiyası layihəsi hesabına inkişaf edir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə, təxminən, 10,5%-ni qarşılayacaq.

Son xəbərlər

Orphus sistemi