"Star" neft emalı zavodu 2018-ci ildə işə başlayır - VİDEO

"Star" neft emalı zavodu 2018-ci ildə işə başlayır - VİDEO "Petlim" konteyner limanı isə artıq yanvardan gəmiləri qəbul edəcək
Energetika
1 Sentyabr , 2015 14:30
Star neft emalı zavodu 2018-ci ildə işə başlayır - VİDEO

Bakı. 1 sentyabr. REPORT.AZ/ Türkiyənin İzmir şəhəri yaxınlığında, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) inşası davam etdirilən "Star" neft emalı zavodunda ilk istehsala 2018-ci ilin mart ayında başlanacaq. "Report" xəbər verir ki, bunu "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz azərbaycanlı jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, hazırda emal zavodunda işlərin 29%-i həyata keçirilib. O, indiyədək xərclənən vəsaitdən danışaraq bildirib ki, bu günə qədər "Star" neft emalı zavoduna 2 mlrd. dollar xərclənib. "Bu xərclərin təxminən 300 mln. dolları banklardan alınan layihə maliyyələşdirməsi hesabına qarşılanıb. Bundan sonrakı xərclərin böyük hissəsi yenə layihə maliyyələşdirməsi üzrə qarşılanacaq".

K.Yavuz gələn ildən etibarən avadanlıqların montajının aparılacağını qeyd edib. Onun bildirdiyinə görə, investisiya mərhələsində, 2017-ci ilin sonuna qədər Zavodda təxminən 10 mindən çox insan çalışacaq: "2018-ci ilin mart ayında istehsala başlamağı planlaşdırırıq. İstehsala başladıqdan sonra isə daimi əsasda 1 000 işçi iş ilə təmin ediləcək".

Şirkət rəhbəri əlavə edib ki, "Star" zavodu Türkiyənin bir nömrəli strateji investisiya üçün təşviq sənədinə malikdir. Bu təşviq sənədi ilə investisiya dövründə Türkiyə Respublikası tərəfindən təxminən 1 mlrd. dollara yaxın bir təşviq veriləcək. "Star" neft emalı zavodunun istehsal edəcəyi bütün məhsullar, hazırda Türkiyəyə xaricdən idxal edilir. Yəni, Türkiyədə istehsal edilə bilməyən, idxal edilən məhsullar artıq bu zavodda istehsal olunacaq. "Star" zavodu Türkiyənin "Petkim Holding" ilə inteqrasiya olunduğu üçün bu, Avropanın ən yüksək texnologiyaya sahib, məhsuldarlıqlı və gəlirli müəssisə olacaq.

Qeyd edək ki, "Star" neft emalı zavodunun inşası layihəsinin ümumi investisiya dəyəri 5,6 mlrd. dollar təşkil edir. Bunun 2,4 mlrd. dolları SOCAR-ın öz resursları, qalan 3,2 mlrd. dolları isə banklar tərəfindən maliyyələşdiriləcək. Bu məqsədlə 23 xarici bankdan ümumilikdə 3,2 mlrd. dollarlıq vəsait təmin edilib. 18 illik ödəmə planı ilə Türkiyə real sektoru tarixinin ən böyük layihə maliyyələşdirməsi olan bu layihə, ABŞ, Yaponiya, Koreya, İspaniya və İtaliya "Eximbank"larının daxil olduğu konsorsium tərəfindən reallaşdırılır.

Bununla yanaşı, "Petkim" yarımadasında "SOCAR Turkey" tərəfindən inşa edilən "Petlim" konteyner limanı artıq 2016-cı ilin yanvar ayından gəmiləri qəbul edəcək. K.Yavuz bildirib ki, limanda aparılan işlər bitmək üzrədir, yaxın müddətdə birinci hissə tamamlanacaq. "Limanın rəsmi açılış mərasimi isə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçiriləcək. Konkret tarix isə dövlət başçılarının iş qrafikindən asılı olacaq. Böyük ehtimalla rəsmi açılış mərasimi 2016-cı ildə baş tutacaq".

K.Yavuz əlavə edib ki, bu, Türkiyənin üçüncü, Egey dənizində isə ən böyük konteyner limanı olacaq. "Petlim" keyfiyyət standartları baxımından Türkiyənin ən yüksək standartlara sahib limanı olacaq. Dünyanın ən böyük investisiya banklarından olan "Goldman Sachs" bu layihəyə ortaq olub. "Petlim"in səhmlərinin 30%-i 250 mln. dollar müqabilində "Goldman Sachs"a satılıb. Bu səhmlərin satışı nəticəsində limanın bazar dəyəri 1 mlrd. dollara çatıb.

Şirkət rəhbəri, həmçinin bildirib ki, "Petlim"in əsas xüsusiyyəti 11 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmilərinin limana yanaşa bilməsindədir. Onun sözlərinə görə, bunun üçün dənizin dərinliyi 16 metrəyə çatdırılıb və 700 metr uzunluğunda sahil xətti inşa edilib.

Qeyd edək ki, "Petlim"in ümumi investisiya dəyəri isə 400 mln. dollardır. Bunun 300 mln.-u "Petkim" maliyyələşdirib. Limanın menecmenti bu sahədə 28 illik təcrübəsi olan "APM Terminals" şirkəti tərəfindən həyata keçiriləcək: "Hədəfimiz 2016-cı ilin yanvar ayından etibarən konteyner gəmilərini limanda görməkdir".

Son xəbərlər

Orphus sistemi