SOCAR və "ASAN Xidmət" arasında Anlaşma Memorandumu və Əməkdaşlıq Sazişi imzalanıb

SOCAR və "ASAN Xidmət" arasında Anlaşma Memorandumu və Əməkdaşlıq Sazişi imzalanıb Sənədləri SOCAR prezidenti R.Abdullayev və “ASAN Xidmət”in rəisi İ.Kərimov imzalayıblar
Energetika
21 Oktyabr , 2016 12:41
SOCAR və ASAN Xidmət arasında Anlaşma Memorandumu və Əməkdaşlıq Sazişi imzalanıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “ABAD Mərkəz” arasında qarşılıqlı əməkdaşlığa xidmət edəcək Anlaşma Memorandumu və “ASAN Xidmət”lə təlim-tədris məsələləri, könüllü fəaliyyət, ətraf mühitin qorunması və təhlükəsizlik, informasiya texnologiyaları, müasir innovativ texnologiyaların tətbiqi, sosial məsuliyyət və digər sahələrdə birgə əməkdaşlıq Sazişinin imzalanma mərasimi keçirilib. "Report" xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimov, Şirkət və “ASAN Xidmət”in rəsmiləri iştirak ediblər. 

Mərasimdə çıxış edən İ.Kərimov Azərbaycanın iki brendi arasında bu yeni əməkdaşlığın əhəmiyyətindən danışıb və indiyədək iki qurum arasında uğurlu əməkdaşlıq olduğunu qeyd edib. 

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti R.Abdullayev son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışıb, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs edib. R.Abdullayev qeyd edib ki, indiyədək ölkənin neft-qaz sektoruna 68,2 mlrd. ABŞ dolları həcmində sərmayə yatırılıb, SOCAR-ın dövriyyə kapitalı 2007-ci ildən bəri 2 dəfəyə yaxın artıb, aktivlərinin ümumi dəyəri 9 mlrd. manatdan təqribən 40 mlrd. manata çatıb. Onun sözlərinə görə, son 7 ildə faiz, vergi və ammortizasiyadan əvvəl şirkətin hesablanan illik gəliri 2 dəfə yüksəlib. 

Ölkənin sosial-iqtisadi yüksəlişində, əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayan Dövlət Neft Şirkəti ilə “ASAN Xidmət” mərkəzləri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən SOCAR prezidenti 20 sentyabr-10 oktyabr tarixləri aralığında ölkə ərazisində satışa çıxarılmış SOCAR istiqrazları layihəsinin böyük uğurla nəticələnməsində “ASAN Xidmət”in və onun kollektivinin mühüm dəstəyindən danışıb. O, Azərbaycan Prezidentinin 23 sentyabr tarixli müvafiq fərmanı ilə “ASAN Xidmət”in tabeliyində yaradılmış “ABAD” – Ailə Biznesinə Asan Dəstək mərkəzlərinin rolunu yüksək qiymətləndirib. SOCAR prezidenti qeyd edib ki, “ABAD” mərkəzləri Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirəcək, ölkənin sosial-iqtisadi inkişafına mühüm dəyər qatacaq. 

Daha sonra SOCAR və “ASAN Xidmət” arasında əməkdaşlıq sazişinin əhəmiyyətindən danışan R. Abdullayev qeyd edib ki, bu, məhsuldar birgə fəaliyyəti təmin edərək yeni layihələrin icrasına, ümumilikdə isə ölkənin sosial-iqtisadi inkişafının daha da möhkəmlənməsinə xidmət edəcək. Saziş başda kadr, təlim-tədris məsələləri olmaqla, bütün uyğun sahələrdə sıx və effektiv işbirliyini nəzərdə tutur. SOCAR prezidenti bildirib ki, “ASAN Xidmət” olduqca gənc bir qurum olmasına baxmayaraq, göstərdiyi professional, çoxşaxəli və şəffaf xidmətlərlə bu gün Azərbaycanın və vətəndaşların nəzərində haqlı olaraq böyük etibar və təqdir qazanmış mühüm qurumlardan birinə çevrilib. 

Qeyd edək ki, SOCAR ilə “ABAD Mərkəz” və "ASAN Xidmət” arasında sənədləri Şirkətin prezidenti R.Abdullayev və “ASAN Xidmət”in rəisi İ.Kərimov imzalayıblar. Sonda SOCAR istiqrazlarının təbliğ və təşviqində göstərmiş olduqları yüksək fəallıq və məhsuldar əməkdaşlığa görə “ASAN Xidmət”in bir qrup əməkdaş və könüllülərinə Şirkətin Fəxri Fərmanları və sertifikatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi