SOCAR: Təbii qazın bahalaşması əksər abonentləri əhatə etməyib

SOCAR: Təbii qazın bahalaşması əksər abonentləri əhatə etməyib S.Qasımov deyib ki, manatın devalvasiyası SOCAR-ı qazın qiymətini qaldırmağa məcbur edib
Energetika
17 Yanvar , 2017 11:35
SOCAR: Təbii qazın bahalaşması əksər abonentləri əhatə etməyib

Bakı. 17 yanvar. REPORT.AZ/ “Təbii qazın qiymət artımı ümumi abonentlərin əksər hissəsini əhatə etməyib. Bu qiymət artımı təbii ki, SOCAR-ın təbii qazın satışından əldə olunan gəlirlərinin nisbətən artmasına şərait yaradıb. Çünki devalvasiya nəticəsində biz hasilatın pay bölgüsü sazişlərinin tərəfdaşlarından Azərbaycanın daxili tələbatını ödəmək üçün külli miqdarda – təxminən istehlakın yarısı səviyyəsində dollar ifadəsində təbii qaz satın alırıq”.

“Report” xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

S.Qasımov bildirib ki, manatın devalvasiyası SOCAR-ı qazın qiymətini qaldırmağa məcbur edib: “Həm neftin qiymətinin ucuzlaşması, həm də manatın devalvasiyası bizi məcbur etdi ki, dövlət, aidiyyəti qurumlar qarşısında təbii qazın qiymətinin artırılması məsələsini qaldıraq. Burada da differensiasiya tətbiq edilib. Əsas istehlakçımız olan “Azərenerji” ASC üçün qazın qiyməti 120 manat, Naxçıvana satdığımız qaz 75 manat, əsas kommersiya qurumlarına 200 manat, əhaliyə isə 100 manat/1000 kubmetr olaraq qalıb”.

Son xəbərlər

Orphus sistemi