SOCAR: Qəza rayonunda ekoloji vəziyyət hər gün bir neçə dəfə monitorinq edilir

SOCAR: Qəza rayonunda ekoloji vəziyyət hər gün bir neçə dəfə monitorinq edilir Neft sızıntılarına dəlalət edən ciddi ləkələr müşahidə olunmayıb
Energetika
16 Dekabr , 2015 14:35
SOCAR: Qəza rayonunda ekoloji vəziyyət hər gün bir neçə dəfə monitorinq edilir

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmaları və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış İşçi Qrupu tərəfindən mütəmadi aparılan monitorinqlər dekabrın 16-da da davam etdirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssilərindən ibarət birgə işçi qrupu qəza baş vermiş ərazidə xüsusi təchiz edilmiş gəmilər və helikopterlər vasitəsilə müşahidələr aparıb.

Qeyd olunub ki, “Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ciddi ləkələr müşahidə olunmayıb.

"Eyni zamanda, dünya təcrübəsinə uyğun olaraq dənizdə neft sızıntılarının aşkarlanması və neftlə çirklənmələrin müəyyənləşdirilməsi məqsədilə hadisə yerində həm optik, həm də radar peyk çəkilişləri aparılıb. Bəzi KİV-də qəzadan sonra guya əraziyə neft dağılması ilə bağlı yayılmış məlumatlara rəğmən, “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri işçi qrupun monitorinqinin nəticələrini təsdiq edir", - SOCAR-dan bildirilib.

Xatırladılıb ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə müvafiq işçi qrupu qəza baş verdikdən dərhal sonra yaradılıb və qrupun həyata keçirdiyi tədbirlər planına uyğun olaraq monitorinqlər mütəmadi olaraq davam etdirilir.

"Monitorinqlərin nəticələri barədə vaxtaşırı olaraq ictimaiyyətə məlumatlar veriləcək", - deyə şirkətdən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi