SOCAR neft və qaz hasilatının maya dəyərini açıqlayıb

SOCAR neft və qaz hasilatının maya dəyərini açıqlayıb Son bir ildə neft hasilatının maya dəyəri 3,4%, qaz hasilatında isə 6,8% artıb
Energetika
30 Noyabr , 2016 12:31
SOCAR neft və qaz hasilatının maya dəyərini açıqlayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 2015-ci ildə 1 ton neft istehsalının maya dəyəri 94,74 manat, 1 000 kubmetr qazın faktiki istehsal maya dəyəri isə 39,74 manat təşkil edib.

“Report”un Şirkətin illik hesabatına əsasən verdiyi xəbərə görə, neftin maya dəyəri əvvəlki il ilə müqayisədə 3,11 manat və ya 3,4%, qaz istehsalının maya dəyəri isə 2,55 manat və ya 6,8% artıb.

Hesabata əsasən, ötən il neft hasilatı üzrə cəmi istehsal xərcləri 697,230 mln. manat təşkil edib. Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 4,3%, əmək haqqı xərcləri 14,6%, sosial ehtiyaclara ayırmalar 2,9%, amortizasiya ayırmaları 17,5%, təmir xərcləri 10,4%, əsas vəsaitlərə texniki xidmət 2,1%, nəqliyyat xərcləri 18,6%, mədən vergisi 10,7% və s. olub.

Ötən il qaz hasilatı üzrə cəmi istehsal xərcləri 240,142 mln. manat olub. Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 3,5%, əmək haqqı xərcləri 9,9%, sosial sığorta ayırmaları 2,0%, amortizasiya ayırmaları 31,1%, təmir xərcləri 9,0%, əsas vəsaitlərə texniki xidmət 1,8%, nəqliyyat xərcləri 17,2%, mədən vergisi 14,9% və s. təşkil edib. Şirkət üzrə 1 000 kubmetr əmtəəlik qazın maya dəyəri 2014-ci illə müqayisədə 2,55 manat (6,8%) artıb.

Qeyd olunub ki, neftin maya dəyərinin artması əvvəlki ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, nəqliyyat xərcləri, digər vergilər, digər xidmətlər və digər xərclərin artması hesabına baş verib: “Belə ki, əsas vəsaitlərin amortizasiyası üzrə xərclər 19,888 mln. manat (19,4%), əsas vəsaitlərə texniki xidmət xərcləri 0,333 mln. manat (2,3%), nəqliyyat xərcləri 18,487 mln. manat (16,7%), digər vergilər üzrə 6,047 mln. manat (20,6%), digər xidmətlər 4,819 mln. manat (15,6%) və digər xərclər üzrə 12,326 mln. manat (49,1%) artıb. Qazın maya dəyərinin artması 2014-cü ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, nəqliyyat xərcləri, mühafizə xərcləri, digər vergilər və digər xərclərin artması hesabına baş verib. Belə ki, əsas vəsaitlərin amortizasiyası üzrə xərclər 3,295 mln. manat (4,6%), nəqliyyat xərcləri 1,280 mln. manat (3,2%), mühafizə xərcləri 0,748 mln. manat (22,0%), digər vergilər üzrə 1,642 mln. manat (20,0%) və digər xərclər üzrə 0,629 mln. manat (13,4%) artıb”.

Son xəbərlər

Orphus sistemi