SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin elan etdiyi vakansiya üzrə peşə sınaq imtahanı keçirilib

SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin elan etdiyi vakansiya üzrə peşə sınaq imtahanı keçirilib İmtahanda 340 namizəd iştirak edib
Energetika
19 May , 2016 17:38
SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin elan etdiyi vakansiya üzrə peşə sınaq imtahanı keçirilib

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi tərəfindən elan olunmuş “Xilas edən matros” vakansiyası üzrə müsabiqənin peşə sınaq imtahanı keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, imtahan İnsan Resursları Departamentinin, Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin, eləcə də Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nümayəndələrinin iştirakı ilə Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin hovuzunda keçirilib.

İmtahandan əvvəl namizədlərə hovuzda təhlükəsizlik qaydaları, tapşırıq normativləri haqqında məlumat verilib. Bildirilib ki, müsabiqənin ilkin mərhələsində vakansiya üzrə 553 namizəd müraciət edib, vakansiyanın tələblərinə cavab verən 482 nəfər test imtahanına dəvət olunub. Test imtahanında uğurlu nəticə göstərmiş 340 namizəd peşə sınaq imtahanında iştirak etmək hüququ qazanıb. Bütün namizədlərə öz bacarıqlarını nümayiş etdirmək üçün hər cür imkan və şərait yaradılıb. Qeyd olunub ki, namizədlər 200 metr məsafəni 5 dəqiqəyə dayanmadan sərbəst üsulla üzmək, suyun üzündə ən azı 3 dəqiqə qalmaq, sualtı ən azı 20 metr dayanmadan üzmək və 2 metr dərinlikdən batmış şərti maketi çıxararaq dayanmadan ən azı 25 metr üzməkdən ibarət olan 4 praktiki tapşırığı yerinə yetirməlidirlər. Məlumatlandırma başa çatdıqdan sonra namizədlər ardıcıl olaraq yoxlanıb, cari tapşırığı icra edə bilməyənlərə növbəti tapşırıq verilməyib, onlar müsabiqədən keçməmiş hesab olunublar. Vakansiyanın tələblərinə uyğun olaraq bütün praktiki tapşırıqları uğurla yerinə yetirən namizədlərin davranış keyfiyyətləri də İnsan Resursları Departamentinin mütəxəssisləri tərəfindən qiymətləndirilib. Namizədlərə qabaqcadan da bildirildiyi kimi, peşə sınaq imtahanlarında iştirak edənlərə imtahanın nəticələri barədə SMS və elektron poçt vasitəsilə məlumat veriləcək. 

SOCAR-in rəsmi internet səhifəsində elan olunan digər vakansiyalar üzrə müsabiqələr davam edir. 

Son xəbərlər

Orphus sistemi