“SOCAR Georgia GAS” Gürcüstanda daha bir xidmət mərkəzi açıb

“SOCAR Georgia GAS” Gürcüstanda daha bir xidmət mərkəzi açıb Hazırda Batumi, Poti, Rustavi və Kutaisidə abonentlərə xidmət üzrə müasir mərkəzlər fəaliyyət göstərir
Energetika
13 Oktyabr , 2016 18:46
“SOCAR Georgia GAS” Gürcüstanda daha bir xidmət mərkəzi açıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ “SOCAR Energy GAS” MMC oktyabrın 13-də Gürcüstanın Kutaisi şəhərində özünün yenidən qurulmuş “Xidmət mərkəzi”ni açıb. 

Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov, İmeretiya rayonunun qubernatoru Givi Çiçinadze və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimdə bildirilib ki, hazırda şirkətin İmeretiyada 134 276 abonenti var və ilin sonuna kimi daha 4 700 qaz istifadəçisinin qeydə alınması gözlənilir.

Müasir avadanlıqlarla təchiz olunmuş ofis abonentlərə keyfiyyətli xidmət göstərilməsinə şərait yaradacaq, operativ və dəqiq uçot və qeydiyyatın aparılmasını, təbii qazdan istifadə ilə bağlı hesabatların hazırlanmasını təmin edəcək. Yeni texnika və texnologiyalar sənədlərin elektron variantının hazırlanması, ziyarətçilərin qəbulu kimi prosedurları asanlaşdıracaq və sürətləndirəcək. Qəbul zamanı avtomatlaşdırılmış növbəli proses metodundan istifadə ediləcək. Yeni mərkəzin personalı xidmətin keyfiyyət standartları üzrə treninqlər keçib.

Hazırda Batumi, Poti, Rustavi və Kutaisidə abonentlərə xidmət üzrə müasir mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzi ofislərlə yanaşı Gürcüstanın qaz istifadəçiləri “SOCAR Energy Georgia” abonentləri olan digər regionlarında da 40 xidmət mərkəzi var. Mərkəzlərin abonentlərə yaxınlığı istehlakçılara operativ və effektiv xidmət göstərilməsini, onların müraciətlərinə vaxtında cavab verilməsini təmin edir.

“SOCAR Energy GAS”ın Gürcüstan hökuməti ilə imzalanmış saziş çərçivəsində növbəti illərdə də bütün ölkə ərazisində, o cümlədən İmeretiya rayonunda yaşayış məskənlərinin qazlaşdırılması ilə bağlı tikinti işlərini davam etdirəcəyi açıqlanıb.

Son xəbərlər

Orphus sistemi