SOCAR-da yüksək dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim olunub - VİDEO

SOCAR-da yüksək dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim olunub - VİDEO SOCAR prezidenti: "Cari ildə neft və qaz əməliyyatları uğurla davam edib"
Energetika
19 Mart , 2016 10:10
SOCAR-da yüksək dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim olunub - VİDEO

Bakı. 19 mart. REPORT.AZ/ Martın 18-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində Azərbaycan Prezidenti İlham Əliyevin bu il 20 sentyabr - Neftçilər günü münasibətilə imzaladığı sərəncamlara əsasən, təltif edilmiş neftçilərə yüksək dövlət mükafatları təqdim olunub.

"Report" SOCAR-a istinadən xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev neftçi əməyini həmişə yüksək qiymətləndirən, Azərbaycan neftçilərinin fəaliyyətini, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyevə SOCAR-ın çoxminli kollektivi adından dərin minnətdarlığını bildirib: "Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji strategiyası möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam edir". SOCAR prezidenti cari ildə həyata keçirilən neft və qaz əməliyyatlarının uğurla davam etdiyini bildirib, Azərbaycan neftçilərinin bundan sonra da qarşılarında qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminliyini ifadə edib.

Sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunmuş, “Əməkdar mühəndis”, “Əməkdar hüquqşünas”, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş neftçilərə ali dövlət mükafatları təqdim olunub.

Təltif olunanlardan SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarov, Hüquq İdarəsinin rəisi Eldar Orucov, “SOCAR Turkey Enerji A.Ş."nin rəhbəri Kənan Yavuz, “BP-Azərbaycan” şirkətinin texniki nəzarətçisi Miryusif Mirbabayev, BANM-nin prorektoru Ramiz Hümbətov aldıqları dövlət mükafatlarını SOCAR-ın çoxminli kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiklərini söyləyib, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı daim doğruldacaqlarını vurğulayıblar. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ali dövlət mükafatlarına layiq görülmüş neftçiləri təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. 

Tədbirə yekun vuran SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin bütün əməkdaşlarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi