​Pakistan prezidenti: Azərbaycanın neft və qaz sahəsindəki bilikləri Pakistana böyük fayda verə bilər

​Pakistan prezidenti: Azərbaycanın neft və qaz sahəsindəki bilikləri Pakistana böyük fayda verə bilər "İkitərəfli ticarəti gözəçarpan dərəcədə artırmaq və şaxələndirmək üçün böyük potensial var"
Energetika
12 Mart , 2015 23:10
​Pakistan prezidenti: Azərbaycanın neft və qaz sahəsindəki bilikləri Pakistana böyük fayda verə bilər

Bakı. 12 mart. REPORT.AZ/ "Azərbaycanın neft və qaz kəşfiyyatı, hasilatı və emalı sahəsindəki ekspert bilikləri Pakistana potensial qaydada böyük fayda verə bilər".

"Report" xəbər verir ki, bunu martın 12-də Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumunda çıxışı zamanı Pakistan prezidenti Mamnun Hüseyn bildirib.

Pakistan prezidentinin çıxışı

Pakistan ilə Azərbaycan mədəni və dini yaxınlığa, uzun tarixi köklərə əsaslanan mükəmməl və çoxşaxəli münasibətlərə malikdir. Qeyd etməkdən olduqca fərəhlənirik ki, Pakistan müstəqil Azərbaycanı tanıyan ilk ölkələrdən biri olub və həmin vaxtdan etibarən iki ölkə arasında münasibətlər dayanmadan güclənib.

Bugünkü dünyada iqtisadi maraqlar ən yüksək maraqlar hesab olunur və iqtisadi əməkdaşlığın miqyası hazırda ikitərəfli əlaqələrin səviyyəsini ölçmək üçün əsas göstərici hesab edilir. Bu səbəbdən, biz də həmin səviyyədən geridə qala bilmərik.

Uzun müddət ərzində Pakistan və Azərbaycan qarşılıqlı fayda verə biləcək müxtəlif sahələrdə ekspert bacarıqlarını formalaşdırıb. Əczaçılıq məhsulları, cərrahiyyə alətləri, idman malları, müdafiə avadanlığı, geyim məmulatı, düyü, meyvələr və dəniz məhsulları kimi Pakistanın yüksək keyfiyyəti malları Azərbaycan bazarına səmərəli şəkildə daxil olmağa hazırdır. Eyni zamanda, Azərbaycanın neft və qaz kəşfiyyatı, hasilatı və emalı sahəsindəki ekspert bilikləri Pakistana potensial qaydada böyük fayda verə bilər. İkitərəfli ticarəti gözəçarpan dərəcədə artırmaq və şaxələndirmək üçün böyük potensial var. Son bir neçə ildə Azərbaycanda ümumi daxili məhsulun yüksək artımı və Pakistan iqtisadiyyatının potensialı iqtisadi münasibətlərin yeni zirvəyə qaldırılması üçün birgə səylərin göstərilməsini zəruri edir.

Xanımlar və cənablar, Pakistan Cənubi, Mərkəzi və Qərbi Asiyanın kəsişdiyi yerdə yerləşir. Yerli bazar 150 milyondan artıq insandan, o cümlədən gənc, təhsilli və bacarıqlı əmək qüvvəsindən ibarətdir. Pakistanın da zəngin, işlənilməmiş təbii sərvətləri var. Sind əyalətində kömür ehtiyatlarımız dünyada ən iri ehtiyatlardan biridir. Bütün bu üstünlüklər müvafiq sərmayə siyasəti ilə yanaşı, Pakistanda sərmayə üçün ideal imkanlar yaradır.

Bizim biznesmenlər üçün də Azərbaycanda sərmayə qoymaq imkanları var. Müxtəlif sahələrdə birgə müəssisələr yaradıla bilər. Əminəm ki, Pakistandan gəlmiş nümayəndə heyəti bu səfərdən tam şəkildə istifadə etməlidir və bu məqsədlərlə Azərbaycanda və Pakistanda birgə müəssisələrin qurulması üçün Azərbaycanın işgüzar dairələri ilə əlaqə yaratmalıdırlar.

Ölkəmizdə liberal sərmayə siyasəti, o cümlədən 100 faizlik səhmlərin alınması, kapitalın tam çıxarılması imkanları, vergidən azad olmalar və avadanlığın, dəzgah və xammalın idxalına güzəştli gömrük rüsumları tətbiq olunur. Səmərəli infrastruktura və “bir pəncərə” prinsipinə malik xüsusi iqtisadi zonalar fəaliyyət göstərir. Milli iqtisadiyyatın yenidən qurulması və canlandırılması üçün dinamik siyasətimizin bir hissəsi olaraq, biz özəl sektorda yatırımlara, xüsusən xarici özəl sərmayələrə böyük önəm veririk. Pakistan və Azərbaycanın birgə işləyə biləcəyi mühüm sahə neft və qaz sektorudur. Mən nəinki kəşfiyyat və hasilat sahələrində, o cümlədən neftayırma zavodlarının və boru kəmərlərinin tikintisi sahəsində sıx əməkdaşlığı səmimiyyətlə arzulayıram. Termal, kömür, külək və günəş enerjiləri sahələrində böyük potensialı ilə seçilən Pakistanın enerji sektoru sərmayələrə açıqdır. Beş min meqavatdan artıq elektrik enerjisi istehsalını nəzərdə tutan irimiqyaslı layihələrdən başlamış kiçik və orta miqyaslı layihələrə qədər imkanlar olduqca genişdir.

Toxuculuq sənayesi ölkəmizin ixrac gəlirlərinin əsas mənbəyidir. Toxuculuq məhsullarımızın çeşidi genişdir, keyfiyyəti isə beynəlxalq standartlara uyğundur. Xam pambıq xammalının bolluğu, o cümlədən ucuz və bacarıqlı əmək qüvvəsi sərmayədarlar üçün əlavə şəraitlər yaradır. Bildirməliyəm ki, tam istehsal prosesini aparmaq istəyən Azərbaycan sərmayədarları üçün imkanlar genişdir. Onlar neft və qaz, bərpa olunan enerji, proqram təminatı üzrə texnologiya parkları, toxuculuq, kənd təsərrüfatı, turizm, kiçik və orta müəssisələr və infrastruktur kimi müxtəlif sahələrdə 100 faiz səhmlərin alınması prinsipi, yaxud birgə müəssisələrin yaradılması üçün böyük imkanlardan istifadə edə bilərlər.

Cənab Prezident, xanımlar və cənablar, özəl sektor artım təkanıdır. Biz ənənəvi dövlətlərarası münasibətlərin hüdudlarından kənara çıxaraq şirkətlər arasında sıx və intensiv münasibətlərin inkişafını arzulayırıq. Pakistanın əsas sektorlarını təmsil edən aparıcı biznes adamları və baş icraçı direktorlardan ibarət böyük nümayəndə heyəti bu gün bu zaldadır. Əminəm ki, onların azərbaycanlı həmkarları ilə qarşılıqlı fəaliyyəti konkret və güclü əməkdaşlıqla nəticələnəcək.

Çıxışımı yekunlaşdırmazdan öncə, Pakistanın son illər ərzində əldə etdiyi iqtisadi nəticələr barədə qısa məlumatı sizinlə bölüşmək istərdim. Pakistanda həyata keçirilən davamlı iqtisadi islahatlar birbaşa xarici sərmayələri cəlb etmək üçün bizə yaxşı əsas yaratdı. Bu gün ölkəmizə yatırılmış birbaşa xarici sərmayələrin həcmi 30 milyard dollardır və müxtəlif beynəlxalq şirkətlər Pakistanın müxtəlif sahələrində fəaliyyət göstərir. İqtisadiyyat üzrə komandamızın böyük səyləri sayəsində iqtisadiyyatımız yenidən sabitlik mərhələsinə qaytarıldı. Ötən ay inflyasiyanın həcmi 3 faizdən az olmuşdur və bu, 11 illik dövr ərzində ən yaxşı göstəricidir.

Fiskal kəsirimiz təxminən 5 faizdir və ilkin hədəfimizə yaxındır. Pakistan rupisi nəinki sabitləşib, hətta ABŞ dolları, avro və yapon yeninə qarşı məzənnədə qalxıb. Xarici valyuta ehtiyatlarımız, bank köçürmələri və özəl sektora verilən kreditlər xeyli artıb. Səhmlər bazarı inkişaf edir və demək olar ki, gündəlik əsaslarla yeni rekordlar qazanır və nəhayət regionda ən yaxşı fəaliyyət göstəricisi ilə seçilir. Həmçinin enerji istehsalımız, irimiqyaslı istehsalata sərmayə qoyuluşu və ölkə gəlirləri artır. Biz, həmçinin yeni maye qaz idxal terminalı tikirik və apreldə elektrik enerjisi stansiyalarımız üçün təbii qaz idxal edəcəyik. Biz kömür, hidro, nüvə, külək və günəş enerjilərindən elektrik enerjisini istehsal edən stansiyaları həm dövlət, həm də özəl sektorda tikməyə başlamışıq. Eyni zamanda, idxal edilən maye qazla işləyəcək, gücü 3600 meqavat olan elektrik stansiyasını tikməyi planlaşdırırıq.

Cənab Prezident, xanımlar və cənablar, biz az inkişaf etmiş və açıq dənizə çıxışı olmayan dövlətlərdə yüksək iqtisadi artımı təmin etmək üçün regional və alt regional səviyyədə iqtisadi inteqrasiyanı sürətləndirmək səylərini yaxşı bilirik. Bu proseslərdə İqtisadi Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq və Mərkəzi Asiya–Cənubi Asiya Regional Elektrik Enerji Bazarı kimi regional hökumətlərarası platformaları olduqca vacib hesab edirik. Bu səbəbdən biz təbii qazın Türkmənistandan Əfqanıstan vasitəsilə Pakistana, sonra isə Hindistana nəql edəcək TAPI boru kəmərinin çəkilməsinə çalışırıq. Biz, həmçinin Mərkəzi Asiyadan Cənubi Asiyaya elektrik enerjisini çatdıracaq “CASA 1000” layihəsi üzərində işləyirik. Biz, fikrimcə, nəinki Pakistan, o cümlədən regionda vəziyyəti tam dəyişəcək Çin–Pakistan İqtisadi Dəhlizin yaradılması üçün ürəkdən çalışırıq. Bu dəhliz boyu yerli və xarici sərmayədarlar üçün gözəl sərmayə imkanlarını təmin edəcək xüsusi iqtisadi zonalar fəaliyyət göstərəcək. Beləliklə, regional əlaqə bizim üçün sadəcə əfsanə deyildir, biz onu reallığa çevirməyə çalışırıq. Bu isə öz növbəsində, Pakistanı gücləndirəcək. Beləliklə, hamınızın qeyd etdiyi kimi, güclü və inkişaf edən Pakistan bütöv regionda sülhün və rifahın bərqərar olunmasına xidmət edir.

Cənab Prezident, xanımlar və cənablar, sonda mən Pakistanın Sərmayə Şurasını bu uğurlu tədbiri digər hökumət orqanları ilə təşkil etməsi münasibətilə təbrik edirəm. Mən, həmçinin Azərbaycanın buradakı iş adamlarına, Bakıya gəlmiş və azərbaycanlı tərəfdaşları ilə məzmunlu dialoq apardıqlarına görə Pakistan biznesmenlərinə təşəkkürümü bildirirəm.

Mən əmin etmək istərdim ki, Pakistan hökuməti ölkəmizdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən Azərbaycan şirkətlərinə bütün şəraitləri yaradacaq. Mən Azərbaycan hökuməti və xalqına səfərimiz zamanı bizə göstərilmiş səmimi qəbula və qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Əminəm ki, bu gün qurulan biznes təmasları iqtisadi münasibətlərimizdə yeni səhifə açacaq.

Son xəbərlər

Orphus sistemi