Bakı. 13 iyul. REPORT.AZ/ Nigeriya iyulun 24-də Sankt-Peterburqda keçirilməsi gözlənilən OPEC və ona daxil olmayan ölkələrin neft nazirlərinin sammitinə qatılmaqdan imtina edib.
"Report" Forexpf.ru" saytına istinadən bildirir ki, bu barədə Nigeriyanın energetika naziri Emmanuel İbe Kaçikvu xəbər verib. O, indiki görüşdən imtina edərək növbəti iclaslarda Səudiyyə Ərəbistanı və Rusiya ilə neft bazarındakı vəziyyəti müzakirə edəcəyini bildirib. Nazirin sözlərinə görə, onun ölkəsi neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasına nə zaman qoşulacağını hədəf olaraq müəyyən etməyib.
Jurnalistlərə açıqlamasında E.İ.Kaçikvu deyib: "Ümid edirəm, 2-3 ay sonra ölkəmizdə neft hasilatının artım sürətini qiymətləndirəcəyik. Artım sabitləşsə, o zaman hasilatın məhdudlaşdırılmasına başlaya bilərik. Nigeriya hazırda 1,7 mln. barel/gün neft hasil edir. Əgər hasilat 1,8 mln. barel/günə yüksələrsə, o zaman bu səviyyədə hasilat sabitləşdiriləcək".
Xatırladaq ki, Nigeriya OPEC+ anlaşmasında istisna ölkə kimi qəbul edilib. Onun neft hasilatını artırmasına və ölkənin normal zamanlardakı hasilat səviyyəsinə çatdırılmasına icazə verilib. Mart ayında 1,2 mln. barel/gün neft hasil edən Nigeriya, son 3 ayda hasilatı 500 min barel/gün artıb. Bu da öz növbəsində OPEC-in hasilatının artmasına gətirib çıxarıb ki, nəticədə neftin qiyməti təzyiqlə üzləşib.
"Report"un analitik qrupu bildirir ki, Nigeriyanın OPEC-in Nazirlər Komitəsinin iclasına qatılmaması neftin qiymətinin düşməsi ilə nəticələnə bilər.