Neft-qaz şirkətləri Arktikadakı layihələrdən imtina edir

Neft-qaz şirkətləri Arktikadakı layihələrdən imtina edir "Royal Dutch Shell" və "Statoil" artıq arktik şelfin mənimsənilməsini dayandırdıqlarını elan edib
Energetika
29 Dekabr , 2015 11:51
Neft-qaz şirkətləri Arktikadakı layihələrdən imtina edir

Bakı. 29 dekabr. REPORT.AZ/ Bəzi neft-qaz şirkətləri üzləşdikləri zərərlə əlaqədar Arktikadakı layihələrdən imtina edir. 

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, artıq "Royal Dutch Shell" və "Statoil" arktik şelfin mənimsənilməsini dayandırdıqlarını elan edib.

Belə ki, "Royal Dutch Shell" şirkəti "Burger J" quyusunda aşkar edilmiş neft və qazın hasilatından imtina edib. İngiltərə-Hollandiya müştərək şirkəti bu yataqda qazma işlərinin davam etdirilməsini məqsədəuyğun saymayıb.

Hətta əvvəlki 7 il ərzində şirkətin regiondakı fəaliyyəti üçün 7 milyard ABŞ dolları xərcləməsi də "Shell"i fikrindən daşındırmayıb. Neftin qiymətinin aşağı düşdüyü şəraitdə şirkət xərcləri azaltmaq üçün bahalı layihələrdən imtina etməyə məcbur qalıb. Çünki 2015-ci ilin üçüncü rübündə "Shell" 6,1 milyard dollar məbləğində zərərə qatlaşmalı olub. Hərçənd 2014-cü ilin analoji dövründə şirkətin xalis mənfəəti 5,3 milyard dollar təşkil etmişdi.

Norveçin "Statoil" şirkəti də eyni addımı atıb. Onlar noyabrda Çukot dənizindəki 16 hasilat məntəqəsindən çıxdıqlarını elan edib. Hərçənd "Statoil" bu quyularda işləməklə bağlı 2008-ci ildə 12 illik lisenziya əldə etmişdi. Eyni zamanda, Norveç şirkəti fevralda Barents dənizində qazma üzrə planlarını təxirə salmışdı.

Rusiyanın iri neft-qaz şirkətləri də Arktikadakı layihələrini ləğv edir. "Qazpromneft" şirkəti Peçora dənizindəki Dolqinskoye yatağının işlənməsini 2031-ci ilə qədər təxirə salıb. Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla əlaqədar "Rosneft"in Arktikadakı layihəsi də faktiki olaraq dayandırılıb.

Son xəbərlər

Orphus sistemi