SOCAR-ın Ekoloji Məlumat Bazasının təqdimatı keçirilib

SOCAR-ın Ekoloji Məlumat Bazasının təqdimatı keçirilib Təqdimatda "Azneft" İB və Ekologiya İdarəsinin mütəxəssisləri iştirak ediblər
Energetika
8 Oktyabr , 2015 16:45
SOCAR-ın Ekoloji Məlumat Bazasının təqdimatı keçirilib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsində neft-qaz əməliyyatları aparılan mədənlərdə ekoloji vəziyyəti əks etdirən, Coğrafi İnformasiya Sistemində (CİS) hazırlanmış Ekoloji Məlumat Bazasının təqdimatı keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təqdimatda “Azneft” İB və Ekologiya İdarəsinin mütəxəssisləri iştirak ediblər.

Bildirilib ki, “Azneft” İB-nin sifarişinə əsasən, Ekologiya İdarəsi tərəfindən dənizdə və quruda fəaliyyət göstərən NQÇİ-lər üzrə aparılmış ekoloji monitorinq tədqiqatları zamanı müəyyən edilmiş neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış ərazilərin "ArcView 10.0" proqram təminatı vasitəsilə elektron xəritələri hazırlanıb və Ekoloji Məlumat Bazasında yerləşdirilib.

“Azneft” tərəfindən təqdim olunmuş ləğv edilmiş quyuların koordinatları da CİS-də Ekoloji Məlumat Bazasına daxil edilib.

CİS qrupunun rəhbəri Vüsalə Qurbanova təqdimatla çıxış edərək, “Azneft”in mədən ərazilərində aparılan kompleks ekoloji monitorinq tədqiqatlarının nəticələrinə əsasən neft və neft məhsulları ilə çirklənmiş, lay suları altında qalmış, rekultivasiya edilmiş, o cümlədən yaşıllaşdırma işləri aparılmış ərazilərin sahəsi, onların döngə nöqtələrinin koordinatlarına əsasən tərtib olunmuş xəritə-sxemləri, şlam anbarları, ləğv olunmuş quyuların mədənlər üzrə yerləşmə sxemi barədə məlumat verib. Qeyd olunub ki, Ekoloji məlumat bazası hər il yenilənməklə çirklənmənin dinamikası öyrənilir, əvvəlki illərlə müqayisəli təhlil aparılır, ləğv olunmuş quyuların inventarlaşdırılmasi təmin edilir.

Tədbirdə Ekoloji Məlumat Bazasında əks olunmuş məlumatlar “Azneft” və Ekologiya İdarəsinin mütəxəssisləri tərəfindən müzakirə edilib, bazanın təkmilləşdirilməsi üçün verilmiş təkliflərin nəzərə alınması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi