Neft bazarında bu il tarazlıq yaranacaqmı? - PROQNOZ

Neft bazarında bu il tarazlıq yaranacaqmı? - PROQNOZ Üçüncü rüb həlledici ola bilər
Energetika
23 Avqust , 2019 16:59
Neft bazarında bu il tarazlıq yaranacaqmı? - PROQNOZ

Bu il dünya neft ehtiyatları xeyli azala bilər.

“Report” xəbər verir ki, belə bir ehtimal ABŞ Enerji Məlumatları Administrasiyası (EİA), Beynəlxalq Enerji Agentliyi (İEA), Neft İxrac Edən  Ölkələr Təşkilatı (OPEC) kimi təşkilatların ekspertləri tərəfindən irəli sürülüb. Hərçənd proqnozlarda mühüm fərqlər var. Məsələn, OPEC dünya neft ehtiyatlarının bu il gündəlik 780 min barel, EİA isə cəmi 100 min barel azalacağı qənaətindədir.

Bununla yanaşı, hər üç təşkilatın rəyincə, III-IV rüblərdə qeyri-OPEC ölkələrinin gündəlik neft hasilatında 2 mln. barelədək azalma olacaq. Tələbatın 220 min barel artacağı gözlənilir, lakin bununla belə Çin kimi böyük istehlakçı tərəfindən sənaye istehsalının azalmasıtələbatın da azalması ehtimalını da ortaya çıxarır.

Zəif tələbat ehtimalına qarşı neft ehtiyatlarının da gündəlik 2 mln. barelə yaxın azaldılmasının zəruri olduğu bildirilsə də, OPEC-ə üzv ölkələrdə gündəlik neft hasilatı il ərzində daha çox İran və Venesuelanın hesabına 2 milyon bareldən artıq azalıb. İyul ayında isə hasilat həcmi İraqda, Liviyada, Nigeriyada artıb.

Bununla belə, Səudiyyə Ərəbistanı neftin ucuzlaşmasını dayandırmaq üçün hasilatı azaldacaqlarına dair müəyyən işarələr verib. Ötən həftə KİV-də bu ölkənin sentyabr ayında avqusta nisbətən hasilat kvotasını ixtisar edərək gündəlik neft ixracatını 7 mln. barel səviyyəsindən aşağıda saxlamaq niyyətində olduğu xəbəri yayılmışdı.

Xəbər verildiyi kimi, neft hasilatının azaldırlmasına dair Vyana razılaşmasının iştirakçısı olan OPEC+ formatı ölkələri bu il iyul ayında həmin öhdəliklərini 159% yerinə yetiriblər. Belə ki, OPEC ölkələri üçün həmin göstərici 156%, qeyri-OPEC ölkələri üçün 166% olub. Beləliklə, iyul ayının yekunlarına görə, razılaşma iştirakçısı ölkələri istinad olaraq qəbul etdikləri 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən gündəlik hasilatı nəzərdə tutduqları 1,2 mln. barel yox, 1,9 mln.barel azaltmış olublar.

Bütövlükdə isə 2020-ci ilin mart ayınadək olan müddət ərzində gündəlik hasilatın 1,2 mln. barel azaldılması hədəflənir. Bu rəqəmin 812 min bareli OPEC üzv ölkələrinin, 383 min bareli də qeyri-OPEC ölkələrinin payına düşür. O cümlədən ən iri hasilatçı ölkələr olan Səudiyyə Ərəbistanı və Rusiya bu razılaşmada da əsas söz sahibi olaraq gündəlik hasilatı müvafiq olaraq 322 min barel və 228 min barel azalmağa razılaşıblar.

Son xəbərlər

Orphus sistemi