MİGA: TANAP üçün zəmanət 1,1 mlrd. dollar təşkil edir

MİGA: TANAP üçün zəmanət 1,1 mlrd. dollar təşkil edir Bakı. 13 iyul. REPORT.AZ/ Dünya Bankı qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (Multilateral Investment Guarantee Agency MIGA) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi üçün 1,1 mlrd. dollar məbləğində zəmanət verib.
Energetika
13 İyul , 2018 13:26
MİGA: TANAP üçün zəmanət 1,1 mlrd. dollar təşkil edir

Bakı. 13 iyul. REPORT.AZ/ Dünya Bankı qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (Multilateral Investment Guarantee Agency MIGA) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi üçün 1,1 mlrd. dollar məbləğində zəmanət verib.

“Report” xəbər verir ki, bu barədə agentliyin məlumatında qeyd olunub.

Qeyd edilib ki, zəmanət 15 illik müddəti əhatə edir və “Cənub Qaz Dəhlizi” QSC-nin TANAP-dakı payının maliyyələşdirilməsi üçün “AKA Bank”, “Citi”, “Crédit Agricole CIB”, ING, LBBW, “Santander” və “Société Générale” banklarından vəsait cəlbini nəzərdə tutur.

Qeyd edək ki, bu il iyunun 29-da TANAP layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə MİGA-nın zəmanəti ilə 500 mln. dollar və 215 mln. avro ilə, ümumilikdə 750 mln. dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biri olan TANAP-ın dəyəri 8 mlrd. dollar qiymətləndirilir. TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Bu il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. İlk il illik həcmin 2 mlrd. kubmetr olması planlaşdırılır.

Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

Xatırladaq ki, MIGA 1988-ci ildə Dünya Bankı Qrupunun tərkib hissəsi kimi üzv ölkələrdə birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılan beynəlxalq maliyyə-kredit institutudur. Bu qurum investisiyaların qeyri-kommersiya risklərdən sığortalanmasını həyata keçirir. Azərbaycan 1992-ci ildə Dünya Bankının, o cümlədən MIGA-nın üzvü olub.

Son xəbərlər

Orphus sistemi