Bakı. 17 aprel. REPORT.AZ/ İran da daxil olmaqla OPEC və ona üzv olmayan ölkələr neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasının uzadılmasını dəstəkləyir. "Report" "ITAR-TASS" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı İranın neft naziri Bican Namdar Zangane İranın "IRNA" agentliyinə verib.
Nazir açıqlamasında bildirib ki, ölkələrin çoxu hasilatın azaldılması anlaşmasının uzadılmasını dəstəkləyir: "Əgər digər ölkələr buna razılıq verərsə, İran da öz növbəsində anlaşmanın uzadılmasına dəstək verəcək".
Qeyd edək ki, Əlcəzair, Küveyt, Nigeriya, Səudiyyə Ərəbistanı və Rusiya anlaşmanın uzadılmasına razılıqlarını bildirib. OPEC-in növbəti iclası mayın 25-də keçiriləcək və bu iclasda anlaşmanın prolonqasiyası məsələsinə baxılacaq.