“Goldman Sachs” OPEC+ sazişinin neftin qiymətinə təsirini qiymətləndirdi

“Goldman Sachs” OPEC+ sazişinin neftin qiymətinə təsirini qiymətləndirdi OPEC+in neft hasilatını gündəlik 10 milyon barel azaltmaq qərarı qiymətləri qaldırmaq üçün kifayət etməyəcək.
Energetika
13 Aprel , 2020 11:44
“Goldman Sachs” OPEC+ sazişinin neftin qiymətinə təsirini qiymətləndirdi

OPEC+in neft hasilatını gündəlik 10 milyon barel azaltmaq qərarı qiymətləri qaldırmaq üçün kifayət etməyəcək.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu fikri “Goldman Sachs”ın analitikləri irəli sürüblər.

Analitiklər yeni OPEC+ sazişini tarixi, lakin qeyri-kafi adlandırıblar. Mütəxəssislər qeyd edir ki, tələbatın artıq yaranmış kəskin azalmasını kompensasiya etmək üçün heç bir saziş kifayət etməyəcək.

Bank analitikləri önümüzdəki həftələrdə də xammalın qiymətlərinin enəcəyini gözləyirlər, çünki koronavirusun yayılması və onunla əlaqədar məhdudiyyətlərin tətbiq edilməsi səbəbi ilə neft anbarları çox tez dolur.

Qeyd edək ki, bazar günü OPEC+ neft hasilatında yeni azalmanı təsdiqləyib: 2018-ci ilin oktyabr ayı səviyyəsi baza olaraq götürülməklə may-iyun aylarında 23%, 2020-ci ilin sonuna qədər 18% və 2022-ci ilin aprel ayına qədər 14%. Alyans birinci mərhələdə hasilatı 9,7 milyon barel, sonra 8 və 6 milyon barel azaldacaq. Rusiya və Səudiyyə Ərəbistanı üçün baza nöqtə gündəlik 11 milyon barel olacaq. Meksika da ayrı şərtlərdə təkid edib, onlar may-iyun aylarında hasilatı gündəlik 100 min barel azaldacaq, qalan hissəni ABŞ kompensasiya edəcək.

Ötən həftə OPEC Baş katibi Məhəmməd Barkindo təşkilatın koronavirus şəraitində 2020-ci ildə qlobal neft tələbatının azalmasını gündəlik 6,8 milyon barel olaraq qiymətləndirdiyini söyləyib. Bundan əlavə, ABŞ Energetika Nazirliyi aprelin 7-də qlobal neft tələbatının 2020-ci ildə öncəki ilin 100,7 milyon barel səviyyəsindən gündəlik 5,2 milyon barel azalacağını proqnozlaşdırıb.

Son xəbərlər

Orphus sistemi