Gələn ilin ortalarına Bibiheybətdə yeni neft yığım parkı istifadəyə veriləcək

Gələn ilin ortalarına Bibiheybətdə yeni neft yığım parkı istifadəyə veriləcək Hazırda son tamamlama işləri həyata keçirilir
Energetika
8 Noyabr , 2017 19:08
Gələn ilin ortalarına Bibiheybətdə yeni neft yığım parkı istifadəyə veriləcək

Bakı. 8 noyabr. REPPORT.AZ/ “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin üçüncü mədən ərazisində 2014-cü ildən tikintisinə başlanılmış yeni Mərkəzi neft yığım parkının gələn ilin may ayının sonuna kimi istismara verilməsi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyətin “Bibiheybətneft” NQÇİ-də keçirilən səyyar müşavirədə bildirilib.

Qeyd edilib ki, hazırda son tamamlama işləri həyata keçirilir: “Yüksək standartlara cavab verəcək yeni mərkəzi neft yığım parkı texnoloji cəhətdən, eləcə də ekoloji baxımdan müasirliyi ilə fərqlənəcək”. Bildirilib ki, parkda 6 ədəd neft çəni quraşdırılıb, həmçinin 2 inzibati bina, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, 2 ədəd neftin qəbulu və nəqli üçün nasosxanalar, yeraltı drenaj bloku, 2 ədəd soba, 6 və 6/0.4 kv-luq 2 ədəd yarımstansiya binalarının tikintisi başa çatdırılıb. 6 çəndən 3-ü 2000, 2-si 1000, 1-i isə 400 kub metr maye tutumuna malikdir. Yeni parkda əməyin mühafizəsi və texniki təhküləsizlik qaydaları müasir standartlar səviyyəsinə çatdırılacaq. İşçi heyəti parkın ərazisinə baxış keçirib.

Birliyin rəhbərliyi həmçinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsidə tikintisi davam edən Mexaniki emal sahəsində, yarımstansiyada, qazanxanada tikinti-quraşdırma işlərinin gedişinə yerindəcə baxış keçirib. D.İskəndərov İdarənin önəmindən bəhs edib, son dövrlərdə istər SOCAR-ın struktur bölmələrindən, istərsə də kənar təşkilatlardan dalma qurğularına tələbatın kəskin artdığını vurğulayıb, aparılan yenidənqurma işlərinin qısa müddət ərzində tamamlanmasının vacibliyini qeyd edib. Mexaniki emal sahəsinin eyni zamanda yarımstansiyanın, qazanxananın, nasosxananın və su anbarının tikintisinin cari ilin sonuna kimi yekunlaşdırılması qərarlaşdırılıb. Çatışmayan avadanlıqların qısa müddət ərzində təmin olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi