Gələn il Səngəçal terminalında təmir-sazlama işləri aparılacaq

Gələn il Səngəçal terminalında təmir-sazlama işləri aparılacaq Bəxtiyar Aslanbəyli: "Həmin müddətdə "Alfa" platformasında hasilat dayandırılacaq və orada da təmir-sazlama işləri aparılacaq"
Energetika
1 Dekabr , 2016 12:25
Gələn il Səngəçal terminalında təmir-sazlama işləri aparılacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ Gələn il Səngəçal terminalının "Şahdəniz" yatağından qaz qəbul edilən hissəsində təmir-sazlama işləri aparılacaq. "Report" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib. 

Onun sözlərinə görə, təmir-sazlama işləri ilə yanaşı, həm də "Şahdəniz-2" üçün yeni qurğuların əlaqələndirilməsi işləri görüləcək: "Ötən il "Şahdəniz"dəki "Alfa" platformasında təmir-sazlama işləri aparılıb. Gələn il Səngəçal terminalda təmir-sazlama işləri olacaq. Həmin müddətdə "Alfa" platformasında hasilat dayandırılacaq və orada da təmir-sazlama işləri aparılacaq. Biz çalışırıq ki, iki ildən bir profilaktik tədbirlər həyata keçirək". 

B.Aslanbəyli qeyd edib ki, təmir-sazlama işləri müddətində Cənubi Qafqaz Boru Kəməri ilə ixrac da dayandırılacaq. Onun sözlərinə görə, profilaktik tədbirlər illik büdcə proqramında nəzərə alınıb və gələn il üçün razılaşdırılan "Şahdəniz" yatağının illik hasilat proqramında da əks olunacaq. 

Vitse-prezident əlavə edib ki, gələn il "Şahdəniz" yatağından hasilat ötən ilkindən biraz artıq həcmdə nəzərdə tutulub. B.Aslanbəyli gələn il "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundakı platformalarda profilaktik işlərin nəzərdə tutulmadığını bildirib.

Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi