Doha görüşü ərəfəsində ​neft bahalaşır

Doha görüşü ərəfəsində ​neft bahalaşır Proqnoz: Neftin 40-45 dollar/barelə qədər bahalaşacağı gözlənilir
Energetika
16 Fevral , 2016 10:58
Doha görüşü ərəfəsində ​neft bahalaşır

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Doha şəhərində (Qətər) Rusiyanın energetika naziri Aleksandr Novakla Səudiyyə Ərəbistanının neft və mineral ehtiyatlar naziri Əli ibn İbrahim əl-Naimi arasında qeyri-rəsmi görüşün keçiriləcəyi gözlənilir. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə həmçinin Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloxio del Pinonun da iştirak edəcəyi ehtimal olunur. Qeyd edək ki, Qətər bu il OPEC təşkilatına sədrlik edən ölkədir.

Yanvarın 22-də OPEC üzvü olan və bəzi digər neft hasilatçısı ölkələrin görüşünün zəruriliyi ilə bağlı məhz Venesuela tərəfi təkliflə çıxış edib. Daha sonra isə yanvarın 28-də rusiyalı nazir A.Novak Rusiyanın OPEC üzvü və digər hasilatçı ölkələrlə neftin aşağı qiymətləri və hasilatın mümkün azaldılması variantları ilə bağlı görüşə biləcəyini bildirib. Buna baxmayaraq, ilkin olaraq OPEC Rusiya ilə görüşdən imtina etsə də, daha sonra tərəflərin görüş barədə razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, görüş barədə xəbərin açıqlanması ilə "Brent" markalı neftin qiyməti fevralın 16-da 4% artaraq 33,4 dollar/bareldən 34,7 dollar/barelə yüksəlib. Fevralın 12-də isə "Brent" markalı neft 10%-ə yaxın yüksəlib.

"Report"un analitik qrupu hesab edir ki, Rusiya və Səudiyyə Ərəbistanı arasındakı görüş siyasi səbəblərdən neftin qiymətinə müsbət təsir göstərir. Görüşün yekununda kəskin neqativ nəticələr gözlənilmədiyinə görə, neftin bahalaşması prosesinin davam edəcəyi ehtimal olunur. "Brent" markalı neftin qiymətinin qısa müddətdə 40-45 dollar/barelə qədər artacağı proqnozlaşdırılır. Orta və uzunmüddətli perspektivdə isə qiymətin yenidən 30 dollar/barel və daha aşağı həddə qədər enməsi ehtimalı yüksəkdir.

Son xəbərlər

Orphus sistemi