Bakı. 27 iyun. REPORT.AZ/ “CEVA Logistics” şirkəti TANAP (Trans-Anadolu Qaz Kəməri) layihəsinin icrası çərçivəsində alınan boruların daşınması üçün logistika əməliyyatları yerinə yetirəcək. "Report"un məlumatına görə, ötən gün bununla bağlı “CEVA Logistics” və TANAP konsorsiumu arasında müqavilə imzalanıb.
Müqaviləyə görə, şirkət Erdahan vilayətindən Ədirnəyə qədər (1 850 km) 1,2 mln. ton ağırlığında olan polad boruların daşınmasını həyata keçirəcək. Artıq 2018-ci ildə tamamlanacaq işlər üç mərhələdən ibarət olacaq və bunun üçün borular 20 vilayətdən keçəcək.
Ümumi sayı 135 884 ədəd olan boruların 56, digər qismi isə 48 düymlükdür. 56 düymlük borular 2015-ci ilin mayında-2016-cı ilin oktyabrında, 48 düymlük borular isə 2015-ci ilin oktyabrından 2017-cı ilin aprelinə qədər daşınacaq.
Şirkətin icraçı direktoru Fuat Adoran deyib ki, onların bu sahədə çox böyük təcrübələri var və TANAP layihəsinin Türkiyə üçün əhəmiyyətini yaxşı anlayırlar: “Bizim iri infrastruktur layihələrində böyük ölçüdə avadanlıqların daşınması ilə bağlı dünya üzrə təcrübəmiz var. ABŞ-da da oxşar layihəni uğurla icra etmişik. Əlbəttə, TANAP-ın miqyası və Türkiyə üçün əhəmiyyəti bu layihəni bizim üçün strateji layihə edir. Biz TANAP-la əməkdaşlıqdan məmnunuq və bəyan edirik ki, bütün borular lazım olan vaxtda və lazım olan yerdə olacaq”.