Bakı. 19 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycanın magistral qaz kəmərləri ilə 6 221,5 mln. kubmetr qaz nəql edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən 8% artım müşahidə olunub. Qazın nəqlinin 30,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 1 889,7 mln. kubmetr qaz ötürülüb.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib. Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
CQBK-nin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.