“Bulla-dəniz” yatağı üçün yeni özül layihələndirilir

“Bulla-dəniz” yatağı üçün yeni özül layihələndirilir Özüldən sutkada 2,5 mln. kubmetr təbii qaz və 500 ton kondensat hasil ediləcəyi nəzərdə tutulub
Energetika
3 Oktyabr , 2016 18:00
“Bulla-dəniz” yatağı üçün yeni özül layihələndirilir

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi N.Nərimanov NQÇİ-nin istismar etdiyi “Bulla-dəniz” yatağı üçün yeni 18 nömrəli stasionar dəniz özülünün inşası nəzərdə tutulur. 

Bu barədə "Report"a SOCAR-dan bildirilib. 

Məlumata görə, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı Şirkətin “Neftqaztikinti” Trestidir. 1 ədəd kəşfiyyat və 4 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 21 metr dərinliyində yerləşdiriləcək. Özüldə yaşayış və qazma sahələri, ən müasir qazma avadanlığı, vertolyot, minik və gəmi yanalma meydançaları, bioloji təmizləmə və Əks-osmos qurğuları, qaldırıcı kranlar, neft və qaz kəmərlərində məsafədən idarə olunan kəsici siyirtmələr, yanğınsöndürmə sistemi, dizel elektrik generatorları və digər zəruri avadanlıqlar quraşdırılacaq. Maye və qaz xətləri çəkilərək mövcud sistemlə əlaqələndiriləcək, ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək. 

Kəşfiyyat quyusu “Bulla-dəniz” yatağının şimal-şərq qanadının V və IV tektonik blokunda məhsuldar qatın VIII horizontunun karbohidrogen ehtiyatlarını mənimsəmək məqsədi ilə qazılacaq. Özüldən sutkada 2,5 mln. kubmetr təbii qaz və 500 ton kondensat hasil ediləcəyi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi