Bu həftə DESFA-nın özəlləşdirilməsinin tamamlanması məsələsi müzakirə olunacaq

Bu həftə DESFA-nın özəlləşdirilməsinin tamamlanması məsələsi müzakirə olunacaq "Fluxys/Enagas" alyansı DESFA-da pay almaq üçün rəsmən müraciət edib
Energetika
30 Noyabr , 2015 15:21
Bu həftə DESFA-nın özəlləşdirilməsinin tamamlanması məsələsi müzakirə olunacaq

Bakı. 30 noyabr. REPORT.AZ/ Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skurletis bu həftə Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələri enerji nazirləri Şurasının iclasında Avropa Komissiyası ilə Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA-nın özəlləşdirilməsinin tamamlanması məsələsini müzakirə edəcək. "Report" xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Nazir daha öncə bu prosesin 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlində başa çatacağını qeyd edib.

Bundan başqa, Yunanıstan mətbuatının məlumatına görə, Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkətlərindən ibarət alyans DESFA-nın səhmlərinin 66%-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satışı prosesi tamamlandıqdan sonra SOCAR-a aid hissədən pay almaq üçün rəsmən müraciət edib.

Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fondundan (HRADF) alyansdan rəsmi müraciət olunduğu qeyd edilib.

Xatırladaq ki, daha öncə İtaliyanın "Snam" şirkəti DESFA-da payın alınması məqsədilə HRADF-a rəsmən müraciət edib.

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

Xatırladaq ki, "Fluxys" və "Enagas" şirkətləri həmçinin Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üçün yaradılan konsorsiumda təmsil olunur. Onların bu layihədə payı müvafiq olaraq 19% və 16%-dir.

Son xəbərlər

Orphus sistemi