BP və tərəfdaşları əlilliyi və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün iki layihəyə başlayıb

BP və tərəfdaşları əlilliyi və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün iki layihəyə başlayıb BP və onun Azərbaycandakı tərəfdaşları bu gün əlilliyi olan şəxslərə və xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olmaq üçün iki yeni sosial sərmayə layihəsinin icrasına başlayıb.
Energetika
26 Sentyabr , 2019 19:11
BP və tərəfdaşları əlilliyi və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün iki layihəyə başlayıb

BP və onun Azərbaycandakı tərəfdaşları bu gün əlilliyi olan şəxslərə və xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olmaq üçün iki yeni sosial sərmayə layihəsinin icrasına başlayıb.

“Report” xəbər verir ki, “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması” adlı birinci layihə, təxminən, 90 nəfər əlilliyi olan şəxsin məşğulluq imkanlarının artırılmasına müsbət təsir göstərməklə 2018-ci ildə uğurla tamamlanmış təşəbbüsün davamıdır.

Layihənin bu yeni mərhələsi layihə iştirakçıları üçün məşğulluq imkanlarını daha da artırmaq məqsədilə təlim proqramını genişləndirmək üçün nəzərdə tutulub.

Bu ilki proqramda ingilis dili, ünsiyyət bacarıqları və kompüter biliklərinin inkişaf etdirilməsi və psixoloji dəstəyin göstərilməsindən əlavə, yeni proqram çərçivəsində vergi mütəxəssisi, mühasibatlıq/əməkhaqqı/SAP sistemi, kassir, sosial media üzrə menecer, çağrı mərkəzi üzrə mütəxəssis/telefon vasitəsilə satış əməkdaşı, logistika əməkdaşı, insan resursları/inzibati məsələlər üzrə əməkdaş, qrafika dizayneri (“Adobe illustrator”, “Indesign”, “Adobe photoshop”), veb-dizayner, sahibkarlıq səriştələri və incəsənət bacarıqları kimi sahələrdə xüsusi peşə bacarıqları inkişaf etdiriləcək.

Psixoloji dəstək əvvəlki ildə olduğu kimi fərdi və qrup şəklində konsultasiyalar vasitəsilə təmin ediləcək. Layihə həmçinin pilot fazada olduğu kimi işəgötürənlərin şəbəkəsi ilə uğurlu əməkdaşlığını davam etdirəcək.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, layihə iştirakçılarında ingilis dili, ünsiyyət və kompüter bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş pilot fazanın uğurunu davam etdirmək qərarına gəlinib: “Bu komponentlər əsas məşğulluq bacarıqlarının inkişafında, habelə layihə iştirakçılarının cəmiyyətə inteqrasiyasında mühüm rol oynadı. Nəticədə çox sayda layihə iştirakçısı iş tapdı və cəmiyyətə daha geniş inteqrasiya edə bildi. Biz BP şirkətində 10-a yaxın layihə iştirakçısı üçün təcrübə imkanı yaratdıq. Onlar, təxminən, 3 aylarını BP-də keçirərək iş təcrübəsi qazandılar və proqramımız vasitəsilə inkişaf etdirdikləri bacarıqları təcrübədə tətbiq etdilər. Hesab edirik ki, bu il xüsusi sahələrdə iş bacarıqları üzrə yeni imkanlar təmin etməklə təlimlərin səmərəliliyi daha da artacaq”.

Layihənin icrası zamanı BP və tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə sıx əməkdaşlıq edəcək. Bu, layihə iştirakçılarına təcrübə və məşğulluq imkanları təmin etmək üçün təşəbbüsə qoşulmaq istəyən biznes təşkilatlarının və müəssisələrinin səyləri ilə birləşdiriləcək.

Bu yeni birillik təşəbbüs “British Council” təşkilatı tərəfindən yerinə yetiriləcək. Layihənin ümumi dəyəri 580 min manatdan artıqdır.

İkinci layihə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olan təhsil proqramından ibarətdir. Layihənin məqsədi bu cür uşaqların reabilitasiyasına cəlb edilən mütəxəssislərin bacarıq və biliklərini artırmaqdır. Bu layihə çərçivəsində 60 nəfər fizioterapiya mütəxəssisi və ailə üzvləri üçün reabilitasiya üzrə 16 təlim proqramının həyata keçirilməsi nəzərdə tutulur.

B.Aslanbəyli qeyd edib ki, bu təlim proqramları vasitəsilə Azərbaycan Fizioterapiya Assosiasiyasının Pirallahıda və daha sonra digər yerlərdə fizioterapiya mütəxəssislərinin xidmətlərindən geniş istifadə imkanı verən mərkəz yaratmaq planlarına dəstək göstərə biləcəyimizə inanırıq: “Bu mərkəz təhsilə, dəstəyə və məsləhətə ehtiyacı olan 300-dək ailənin və reabilitasiya xidmətlərinə ehtiyacı olan uşaqların bu xidmətlərdən istifadə imkanını artıracaq. Layihə həmçinin assosiasiyaya imkan verəcək ki, təlimləri gücləndirmək və daha çox icma üzvünü əhatə etmək məqsədilə onlayn dəstək, təlim videoları və çap edilmiş təlimat kitabçaları təmin etməklə öz resurslarından istifadə imkanını genişləndirsin”.

Layihənin müddəti on bir aydır (avqust 2019-iyul 2020) və dəyəri 90 min manatdan artıqdır.

Layihə Azərbaycan Fizioterapiya Assosiasiyası kimi tanınan Fizioterapiyanın İnkişafına Kömək İctimai Birliyi tərəfindən yerinə yetiriləcək.

Son xəbərlər

Orphus sistemi