Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni neftin ilkin emalı qurğusu inşa olunacaq

Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni neftin ilkin emalı qurğusu inşa olunacaq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində yeni ELOU-AVT (neftin ilkin emalı) qurğusunun inşası nəzərdə tutulur.
Energetika
8 Aprel , 2019 14:58
Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni neftin ilkin emalı qurğusu inşa olunacaq

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində yeni ELOU-AVT (neftin ilkin emalı) qurğusunun inşası nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov məlumat verib.

O deyib: “İndiyədək olan strategiyaya əsasən, Heydər Əliyev adına Neft Emalı Zavodundakı illik 6 mln. ton xam neft emalı gücünə malik neftin ilkin emalı qurğusunun yenidənqurulması, zavodun ümumi emal gücünün 7,5 mln. tona çatdırılması üçün keçmiş “Azərneftyağ” zavodundakı illik məhsuldarlığı 2 mln. ton olan qurğunun demontaj edilərək Neft Emalı Zavoduna köçürülməsi və burada quraşdırılması nəzərdə tutulurdu”.

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, aparılan tədqiqat işləri nəticəsində yenidənqurma və köçürülmənin əvəzinə yeni qurğunun inşasının daha sərfəli olduğu qənaətinə gəlinib.

Onun sözlərinə görə, yeni qurğunun illik emal gücü 7,5 mln. ton təşkil edəcək. SOCAR-ın vitse-prezidenti yeni qurğunun inşasının təxminən 350 mln. dollar dəyərində ola biləcəyini bildirib.

T.Qəhrəmanov zavodun yenidənqurma və modernizasiya layihəsinin qrafikində hər hansı dəyişiklik olmadığını, 2020-ci ilin sonunda dizel mərhələsinin, 2021-ci ildə isə benzin mərhələsinin yekunlaşacağını, həmçinin maliyyələşmənin vaxtında həyata keçirildiyini də vurğulayıb.

Qeyd edək ki, BNEZ-in yenidənqurma və modernizasiyası layihəsinin icrası üç mərhələdə (bitum, dizel və benzin) həyata keçirilir. Ötən ilin dekabr ayında yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsinin istismara verilməsi ilə zavodun modernizasiya layihəsinin ilkin mərhələsi tamamlanıb. Layihənin 2020-ci ilin sonunadək nəzərdə tutulan 2-ci mərhələsində “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması, 2021-ci ilin əvvəlinə nəzərdə tutulan 3-cü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulub. Zavodun yenidənqurma və modernizasiya layihəsinin ümumi dəyəri 2,2 mlrd. dollar təşkil edir.

Heydər Əliyev adına Neft Emalı Zavodunda neftin ilkin emalı üzrə əsas qurğusu ELOU-AVT-6 ildə 6 mln. ton xam neft emal etmək gücünə malik olan, neftin qabaqcadan duzsuzlaşdırılması və benzinin təkrar qovulması blokları olan kombinə olunmuş atmosfer-vakuum qurğusudur. Qurğu 1976-cı ildə Bakı neftayırma zavodlarının köklü yenidən qurulması planına uyğun olaraq qurulub.

Son xəbərlər

Orphus sistemi