Bakı. 3 noyabr. REPORT.AZ/ Abşeron rayonunun Saray qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranıb.
“Report”un məlumatına görə, qəsəbə ərazisində bu gün səhər saatlarından işıq olmayıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a açıqlamasında faktı təsdiq edib. Onun sözlərinə görə, adıçəkilən ərazidə tez-tez baş verən elektrik kəsintisinin qarşısını almaq üçün elektrik xətlərinin yenilənməsi işləri aparılır: “İş gününün sonuna qədər Saray qəsəbəsinə elektrik enerjisinin verilməsi bərpa ediləcək. Bu ərazidə baş verən elektrik kəsintilərinin qarşısını almaq üçün “Azərişıq” əməkdaşları və texnikası əraziyə cəlb edilib. Hazırda ərazidə 2 briqada çalışır. Bu məqsədlə Sumqayıt şəhərinin 48-ci məhəllə deyilən ərazisindən ümumi uzunluğu 12 km olan birbaşa xətt çəkilib. Bununla da ərazidə elektrik enerjisinin verilişindəki problemlər tamamilə aradan qaldırılacaq”.
Qeyd edək ki, elektrik xəttlərinin köhnə və yararsız olması səbəbindən küləkli və yağışlı havada Saray qəsəbəsi, eləcə də Sumqayıt şəhərinin 18 mikrorayon ərazisi vaxtaşırı işıqsız qalır.