Azərbaycanın PSA tipli neft-qaz layihələrinə 62 mlrd. dollar yatırılıb

Azərbaycanın PSA tipli neft-qaz layihələrinə 62 mlrd. dollar yatırılıb SOCAR prezidenti R.Abdullayev: "Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük işlər görülüb"
Energetika
21 Sentyabr , 2015 09:55
Azərbaycanın PSA tipli neft-qaz layihələrinə 62 mlrd. dollar yatırılıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycanda 1994-2015-ci illərdə imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli beynəlxalq neft-qaz sazişlərinin icrası çərçivəsində ümumilikdə təqribən 62 mlrd. ABŞ dollarından artıq sərmayə qoyulub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Neftçilər günü münasibətilə "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.

Məqalədə bu müddətdə xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük işlər görüldüyü və uğurlu nəticələr əldə edildiyi qeyd olunub.

SOCAR prezidenti bildirib ki, Xəzər hövzəsi ölkələri ilə Qərbin transmilli korporasiyaları arasında əməkdaşlığın başlanğıcını qoymuş “Əsrin müqaviləsi” çərçivəsində 20-dən artıq beynəlxalq enerji şirkəti neft-qaz əməliyyatlarına cəlb olunub: "Bundan başqa, SOCAR və onun törəmə şirkətləri 15 ölkədən 27 şirkətlə imzalanmış Hasilatın Pay Bölgüsü sazişlərinin iştirakçısıdır. 36 birgə müəssisəmiz, 5 alyansımız, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlərimiz və 13 nümayəndəliyimiz müasir neft və qaz sənayesinin, demək olar, bütün sahələrini əhatə edir. Bu müddətdə nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları, son illərdə “Abşeron” və “Ümid” yataqları aşkar edilib". 

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ilk neftin alındığı 1997-ci ildən bu yana aparılan genişmiqyaslı tədbirlər ölkə üzrə neft hasilatının sürətli templərlə inkişafına güclü təkan verib. Son illər blokda hasilatın yüksəldilməsi məqsədi ilə tədbirlər proqramı hazırlanıb, layihənin gələcək inkişaf strategiyası müəyyənləşdirilib. “Əsrin müqaviləsi” çərçivəsində maksimum hasilatın uzunmüddətli dövr üçün saxlanılması məqsədinə xidmət edən “Çıraq” Neft Layihəsi üzrə hasil olunan neftin ötən ildən sistemə daxil olması uğurlu nəticələrdən biridir. Hazırda “Qərbi Çıraq” platformasında 8 quyu fəaliyyət göstərir, sutkada təxminən 14,5 min tondan artıq neft və 2,6 milyon kubmetr qaz hasil edilir. Bu layihə AÇG-də layların neft verimini maksimuma çatdırmağa imkan yaradacaq", - deyə R.Abdullayev məqaləsində vurğulayıb.

Son xəbərlər

Orphus sistemi