Azərbaycan ötən il qurudakı neft yataqlarından 50 mln. dollar qazanıb

Azərbaycan ötən il qurudakı neft yataqlarından 50 mln. dollar qazanıb "Bahar" və "Qum-dəniz" yataqlarının quru hissəsinin işlənməsindən 4,5 mln. dollar və 2 mln. dollar bonus ödənişi daxil olub
Energetika
19 Yanvar , 2016 16:40
Azərbaycan ötən il qurudakı neft yataqlarından 50 mln. dollar qazanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci il ərzində Hasilatın Pay Bölgüsü (PSA) sazişləri üzrə qurudakı yataqlardan hasil olunan mənfəət neftinin satışından Dövlət Neft Fonduna (ARDNF) daxil olan vəsaitin həcmi açıqlanıb.

"Report"un sorğusu əsasında Fonddan verilən məlumata görə, ötən il qurudakı yataqlar üzrə mənfəət neftinin satışından ARDNF-ə 50,2 mln. ABŞ dolları daxil olub.

Belə ki, 14,8 mln. dollar "Binəqədi", "Qirməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayi", "Şabandağ" və "Sianşor", 12,9 mln. dollar "Kürovdağ", 821,7 min dollar "Neftçala", "Xıllı", "Durovdağ-Babazanan" neft yataqları və "Muğan" monoklinalinin cənub-qərb qanadının, 3 mln. dollar "Zığ" və "Hövsan", 9,1 mln. dollar "Balахаnı-Sabunçu-Ramana" və "Kürdəxanı", 3,1 mln. dollar "Suraxanı" neft yatağının daxil olduğu blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında sazişlər üzrə mənfəət neftinin satışından daxil olub.

Ötən il Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" yatağının və "Qum-dəniz" yatağının daxil olduğu blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında saziş üzrə yataqların qurudakı hissəsinin işlənməsindən 4,5 mln. dollar və 2 mln. dollar bonus ödənişi daxil olub.

Qeyd edək ki, "Binəqədi", "Qirməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayi", "Şabandağ" və "Sianşor" yataqlarının daxil olduğu blokun işlənməsi üzrə saziş 2004-cü il sentyabrın 29-da imzalanıb. Sazişə görə, yataqlar blokunda "AzFen" şirkəti 75%, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 25% paya malikdir. Yataqlar blokunda "Binəqədi" əməliyyat şirkəti çalışır.

"Kürovdağ" neft yatağı üzrə saziş 2009-cü il fevralın 3-də SOCAR və "Global Energy Azerbaijan" arasında imzalanıb. Sazişə görə, "Global Energy Azerbaijan" 80%, SOCAR 20% paya malikdir. Bu yataqda "Shirvan Oil" əməliyyat şirkəti çalışır.

"Neftçala", "Xilli", "Durovdağ-Babazanan" neft yataqları və "Muğan" monoklinalinin cənub-qərb qanadının işlənməsi üzrə saziş 2009-cü il fevralın 3-də imzalanıb. Yataqlar blokunun işlənməsində "Neftchala Investments Ltd." 80%, SOCAR 20% paya malikdir.

"Zığ" və "Hövsan" yataqlarının daxil olduğu blokun işlənməsi sazişi 2006-cı il noyabrın 3-də imzalanıb. Yataqda "Absheron" əməliyyat şirkəti işləyir. "Absheron İnvestments" 75%, SOCAR 25% paya malikdir.

Xatırladaq ki, 2010-cu il iyunun 3-də "Balaxanı-Sabunçu-Ramana" və "Kürdəxanı" yataqları üzrə saziş imzalanıb. Yataqda "Balakhanı" əməliyyat şirkəti iş aparır. Blokda "UQE Lanser PTİ Ltd." 75%, SOCAR 25% paya malikdir.

Həmçinin, 2005-ci il avqustun 16-da SOCAR ilə "Rafi Oil" (hazırkı "NOVATIS Oil") arasında "Suraxanı" neft yatağının daxil olduğu blokun işlənməsi sazişi imzalanıb. Sazişə görə, SOCAR 25%, "NOVATIS Oil" (BƏƏ) 75% paya sahibdir.

2009-cu il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ilə "Bahar Energy" əməliyyat şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" yatağının və "Qum-dəniz" yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Müqavilə sonrakı 5 ilə uzadılma imkanı ilə 25 illiyə imzalanıb. Müqaviləyə görə, "Bahar Energy" əməliyyat şirkəti 80%, SOCAR 20% paya malikdir.

Son xəbərlər

Orphus sistemi