Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti baş icraçı direktoru Reza Vaziriyə olan kredit borcunu tam ödəyib.
“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Ödəniş martın 29-da həyata keçirilib. Ödənilən məbləğ isə cəlb edilən kreditin qalan 3,9 mln. dolları olub.
Şirkətin baş icraçı direktordan aldığı kreditin ümumi məbləği 4 mln. ABŞ dolları təşkil edib. İllik faiz dərəcəsi 7% olan kreditin son ödəniş tarixi 2019-cu il yanvarın 8-i olub.
Qeyd edək ki, bu ilin fevral ayında “Anglo-Asian Mining Plc." şirkətinin törəməsi - “Azerbaijan International Mining Company Ltd.” “Paşa Bank” ilə sindikatlaşmaya daxil olub. “Paşa Bank”ın təşkilatçı olduğu sindikatlaşma iki illik 15 mln. ABŞ dollarına qədər illik 7%-li sabit faiz dərəcəsi ilə krediti nəzərdə tutur.
Qeyd olunub ki, kreditin 13,470 mln. dolları “Amsterdam Trade Bank N.V”, “Gazprombank (Switzerland) Ltd.”, “Anglo-Asian”nın baş icraçı direktoru Reza Vaziriyə və “Yapi Credit Bank”a mövcud kreditlərin geri ödənilməsinə istifadə olunacaq.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində də hasilatla məşğuldur.
“Uğur” yatağının kəşfi barədə 2016-cı ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.