Bakı. 19 aprel. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları 8-14 aprel həftəsində 0,84 mln. barel azalma göstərib. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat Amerika Neft İnstitutunun (API) hesabatında yer alıb. API-nın hesabatına görə, həftə ərzində ABŞ-ın benzin ehtiyatları 1,37 mln. barel artıb.
Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, aprelin 19-da Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 1,47 mln. barel azalacağını proqnozlaşdırır. Neft ehtiyatlarında azalma onun qiymətinin artmasına gətirib çıxaracaq.
"Report"un analitik qrupu bildirir ki, "Brent" markalı neftin qiyməti ABŞ-da neft ehtiyatlarının kifayət qədər azalmaması xəbərləri ilə düşməyə başlayıb və hazırda 54,7 dollar/bareldən baha satılır. OPEC təşkilatının may ayında keçirəcəyi iclasda neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasını uzatması ehtimalı yaxın günlərdə neft qiymətlərinin kəskin artaraq 60 dollar/barel səviyyəsini ötməsinə gətirib çıxara bilər.