UNEC-də tədris prosesi noyabrın 1-dən yeni qaydalarla aparılacaq

UNEC-də tədris prosesi noyabrın 1-dən yeni qaydalarla aparılacaq Yeni model gələn ildən etibarən bütün universitetdə tətbiq olunacaq
Elm və təhsil
14 Oktyabr , 2015 16:08
UNEC-də tədris prosesi noyabrın 1-dən yeni qaydalarla aparılacaq

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vahid elektron idarəetmə platforması olan "Elektron universitet" modelinin tətbiqi ilə bağlı universitetin rəhbər heyəti ilə görüş keçirilib. UNEC-dən "Report"a bildirilib ki, rektor Ədalət Muradov yeni model və onun tətbiqi barədə məlumat verib.

O deyib ki, ilkin mərhələdə universitetin əsas tədris binasında bütün tədris prosesi tam elektronlaşdırılıb: "Yeniliklə bağlı müəllimlərə təlimlər keçirilib. Bundan sonra da əlavə informasiyaya ehtiyacı olanlara mütəxəssislər tərəfindən yardım ediləcək. Noyabrın 1-dən etibarən isə əsas binada tədris prosesi yalnız yeni qaydalarla aparılacaq".

Daha sonra struktur rəhbərlərinə yeni modelin xüsusiyyətləri ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, sadə iş prinsipindən ibarət olan sistemin bazasına tələbələr, müəllimlər, məzun bazası haqqında məlumat yerləşdirilərək, dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramları daxil edilib. Sistem daxilində eyni zamanda müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılıb. Auditoriyalarda sistemə çıxışı olan elektron tribunalar quraşdırılıb. Bununla da kağız üzərində jurnal elektron jurnalla əvəz edilmiş olur. Müəllim elektron jurnal bölməsinə daxil olaraq ilk 15 dəqiqə ərzində tələbələrin dərsə davamiyyətini yoxlaya biləcək. Bu isə semestrin sonunda tələbənin dərsə davamiyyətini və seminar ballarını avtomatik hesablamağa şərait yaradacaq. Gələcəkdə tələbələr mobil telefon vasitəsilə də sistemə daxil ola biləcəklər.

Yalnız UNEC-in tədris prosesinə uyğun hazırlanan yeni proqram təminatı müəllimin bütün mühazirələrinin onun kabinetində yerləşdirilməsilə bağlıdır. Həmin mühazirələr və dərs vəsaitləri tədris metodiki planlara uyğun olaraq həyata keçiriləcək. Tədris metodiki planlar isə sillabuslara uyğunlaşdırılacaq. Bu yenilik tələbəyə öz işçi kabineti vasitəsilə müəllimin kabinetinə girərək mühazirədən yararlanmağa imkan verəcək.

Rektor Ə.Muradov "Elektron universitet" modelinin tədris prosesinə verəcəyi faydalardan danışıb: "Yeni sistem müəllimin şəxsi kabinetində yerləşdirdiyi dərs materiallarının ictimai müzakirəyə çıxarılmasına imkan yaradacaq. "Elektron universitet" vasitəsilə müəllimlərin reytinqini müəyyənləşdirmək mümkün olacaq. Reytinq elmi-pedoqoji və şəxsi inkişaf fəaliyyətinə dair müəllimlərin kabinetlərində yerləşdirdikləri məlumatlara uyğun olaraq müəyyənləşdiriləcək. Yeni model gələn ildən etibarən universitetdə tam olaraq tətbiq ediləcək. "Keyfiyyət ili" çərçivəsində reallaşdırılan model ölkədə ilk dəfə UNEC-də tətbiq olunub".

Son xəbərlər

Orphus sistemi