TQDK “Operator sənəti” ixtisası üzrə zəruri məqamları açıqlayıb

TQDK “Operator sənəti” ixtisası üzrə zəruri məqamları açıqlayıb İmtahan iki- təcrübi yaradıcılıq və müsahibə mərhələsindən ibarətdir
Elm və təhsil
13 İyul , 2016 18:01
TQDK “Operator sənəti” ixtisası üzrə zəruri məqamları açıqlayıb

Bakı. 13 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xüsusi qabiliyyət tələb edən “Operator sənəti” ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər üçün lazımlı məqamları açıqlayıb.

Komçissiyadan “Report”a verilən məlumata görə, müəllif fikrini kinematoqrafik təsvir vasitəsilə vizuallaşdıran operator kadrdaxili informasiya üzərində işləyərkən kompozisiyanın tərtib qaydalarından, o cümlədən, ikiölçülü ekran səthi üzərində üçüncü ölçünün - kadr dərinliyinin əldə olunması məqsədilə xətti və fəza (tonal) perspektivinin qabardılma üsullarından, miqyas, rakurs, işıq rəsmi, rəng və digər ifadə vasitələrindən, kinolent və rəqəmsal informasiya daşıyıcılarından, kinokamera və optik sistemlərdən, eləcə də müxtəlif yardımçı avadanlıqlardan istifadə edir, “ekran obrazı”nın yaradılmasında müstəsna rol oynayır.

Operator sənəti ixtisasını seçən abituriyentlər “ixtisas”dan qabiliyyət imahanı verirlər.

İmtahan iki - təcrübi yaradıcılıq və müsahibə mərhələsindən ibarətdir.

Operator sənəti ixtisasını seçən abituriyentlər imtahana gələn zaman natura, interyer və pavilyonda gips büstü, portret-kompozisiya, natürmort, və peyzaj janrlarında çəkdikləri 15-20 ədəd fo­to­qrafik işləri komissiyaya təqdim etməlidirlər.

Təqdim edilən işlər fotolentə və ya rəqəmsal daşıyıcıya çəkilməli, 15x21 sm formatında çap olunmalıdır. Fotoşəkillər paspartu üzərinə yapışdırılaraq, imzalanıb, qovluqda təqdim olunmalıdır. Fotoşəkillərin fotoqrafik keyfiyyəti, texniki səviyyəsi yüksək olmalıdır.

Abituriyent çəkdiyi fotoişlərin bədii təsvir həlli, onların texniki icraatı haqqında Komissiya üzvlərinə təfsilatlı məlumat verməli, tam orta məktəb proqramı çərçivəsində “Fizika” fənni üzrə “Optika” və “Elektromaqnetizm” bəhsləri, həmçinin dünya və Azərbaycan kinosu ilə bağlı sualları cavablandırmalıdır.

İmtahanın təcrübi yaradıcılıq mərhələsində abituriyentin ixtisasla bağlı qabiliyyət göstəriciləri yoxlanılır.

İmtahan günü abituriyent özünün rəqəmsal aparatı ilə günün birinci yarısında 3 saat ərzində süni işıqlandırma vasitəsilə texniki avadanlıq, gips heykəl, canlı model və əlbəsə ilə təchiz olunmuş xüsusi auditoriyada fərqli 3 janrda (gips-1 şəkil, portret-1 şəkil, natürmort-1 şəkil), eləcə də həmin günün ikinci yarısında digər 3 saat ərzində təbii işıqlandırma şəraitində naturada portret (1-2 şəkil), peyzaj (2-3 şəkil) və müşahidə xarakterli janr səhnəciyi (2-3 şəkil) çəkərək vizual informasiyanı şifrələnmiş Hard disk toplayıcısına köçürmək üçün aparatın yaddaş kartını İmtahan Komissiyasına təhvil verir.

Çəkiliş prosesində aşağıdakı tələblərə riayət olunur:

1. Fotoaparatın yaddaş kartı çəkilişdən öncə formatlaşdırılır.

2. Fotokamera abituriyentin özü tərəfindən çəkilişlərə hazırlanır və bütün korreksiyalar yalnız çəkiliş prosesinin gedişatı zamanı reallaşdırılır. Hazırlıq prosesində aparıla bilən ayarlamalar:

- çəkiliş rejiminin seçimi (manual və ya avto);

- ağ-qara və ya rəngli təsvir;

- təzadlılıq və rəng çalarlılığı;

- koloristik həll (Picture Stуle və s.);

3. Çəkiləcək kadrların sayına məhdudiyyət qoyulmur.

4. Çəkilmiş kadrların yaddaş kartından silinməsinə icazə verilmir.

5. Çəkiliş prosesində əldə olunmuş fotogörüntülərin daha sonra fərqli proqramlarda transformasiyasına icazə verilmir.

6. Qəbul komissiyasına təhvil veriləcək fotoqrafik şəkillərin sayı (dubllar nəzərə alınmır) 8-11 ədəd olmalıdır.

İmtahanın müsahibə mərhələsində abituriyent təqdim etdiyi, eləcə də imtahanın birinci mərhələsində fotostudiya və naturada çəkdiyi şəkillər haqqında məlumat verməli, nümayiş etdirdiyi foto işlərinə və imtahana gətirdiyi şəxsi fotoaparatına istinadən Qabiliyyət İmtahan Komissiyası üzvlərinin kadrdaxili informasiya, kompozisiyanın tərtib qaydaları, xətti və fəza (tonal) perspektivinin qabardılma üsulları, istifadə etdiyi işıq rəsmindən yararlanma zərurəti, işıq sxemində yerini tutmuş cihazların quruluşundan irəli gələn konkret funksiyalar, fotoaparatlarının, optik sistemlərin növləri, quruluşu, onlardan istifadənin spesifikası, kinolentlərin növləri, quruluşu, həndəsi parametrleri və fotoqrafik xassə göstəriciləri, rəqəmsal informasiya və onu təşkil edən komponentlər, optik filtrlərdən istifadə zərurəti, onların növləri və klassifikasiyası, işıq və onun fiziki xassələri, işıq hadisələri ilə bağlı suallarını cavablandırır.

Abituriyent təsviri incəsənət, fotoqrafiya və kino tarixi, bu sahələrdə çalışan sənətçilər və onların yaradıcılıq üslubları, Azərbaycan kinosunun müxtəlif inkişaf mərhələlərində çəkilmiş filmlərə istinadən operator işi, milli kinooperator məktəbinin nümayəndələri, onların peşə özəllikləri, milli kinoya gətirdiyi yeniliklərlə bağlı suallara cavab verir.

Son xəbərlər

Orphus sistemi