Təhsil Nazirliyi və Fransanın Azərbaycandakı səfirliyi UFAZ-a qəbul imtahanlarının gedişatını yüksək qiymətləndirib

Təhsil Nazirliyi və Fransanın Azərbaycandakı səfirliyi UFAZ-a qəbul imtahanlarının gedişatını yüksək qiymətləndirib Sentyabrda Fransa-Azərbaycan Universitetin fəaliyyətinə dair saziş imzalanacaq
Elm və təhsil
27 İyul , 2016 18:47
Təhsil Nazirliyi və Fransanın Azərbaycandakı səfirliyi UFAZ-a qəbul imtahanlarının gedişatını yüksək qiymətləndirib

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib.

ADNSU-dan "Report"a verilən xəbərə görə, imtahandan sonra Təhsil Nazirinin müavini Ceyhun Bayramov, Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez və ADNSU-nun rektoru professor Mustafa Babanlı abituriyentlərlə görüşüb.

C.Bayramov UFAZ-ın Fransa və Azərbaycanın təhsil sahəsindəki əlaqələrinin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağını deyib. 

“Bu gün Fransız-Azərbaycan Universitetinə abituriyentlərin marağının şahidi olduq. İmtahan prosesini izlədik. Düşünürəm ki, Fransa Azərbaycan Universiteti bütün ümidləri doğruldacaq. Bu, dövlət tərəfindən tələbələrə verilmiş böyük şansdır. Ümid edirəm ki, tələbələr bu imkandan faydalanacaqlar. Bu ali məktəbdə təhsil alan tələbələr sonda 2 diplom alacaqlar və bu da onların gələcək fəaliyyətlərində mühüm rol oynayacaq”, - deyə C.Bayramov qeyd edib.

O, UFAZ-a imtahan prosesini izlədiyni və onun gedişatından məmnun qaldığını bildirib.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez UFAZ-a keçirilmiş qəbul imtahanları bu günədək görülmüş işlərin səmərləli nəticəsi olduğunu qeyd edərək abituriyentlərin bu ali məktəbə qəbula göstərdiyi marağı yaxşı təbliğat kampaniyası ilə əlaqələndirib.

Səfir bir neçə gün əvvəl təhsil naziri Mikayıl Cabbarovun Strasburqda səfərdə olduğunu vurğulayaraq, sentyabr ayında Fransa-Azərbaycan Universitetin fəaliyyətinə dair tərəflər arasında saziş imzalanacağını bildirib. Xanım Orelia Buşez Strasburq universitetinin rektoru ilə görüşdə sazişin Azərbaycanda imzalanması barədə razılığa gəlindiyini söyləyib.

“Çox şadam ki, Fransa Azərbaycanın təhsil sisteminin gücləndirilməsində rol oynayır. Fransanın Azərbaycan təhsil sistemində ilk iştirakı Bakıda fransız liseyinin yaradılması ilə başlayıb. İndi isə şadıq ki, daha yüksək səviyyəyə yəni ali təhsil səviyyəsinə keçmişik. UFAZ həm iki ölkə, həm də iki universitet arasında olan layihədir. Hazırda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesi gedir. UFAZ-da 4 ixtisas üzrə kadrların hazırlanması da buna xidmət edəcək. Bu layihənin həyata keçirilməsi konkret məqamlarla yadda qalıb. Birincisi, tələbələr texniki və elmi təhsil alacaqlar. Digər tərəfdən, ali məktəbə daxil olan tələbələr dövlət hesabına təqaüd alacaqlar”, - deyə səfir söyləyib.

Rektor Mustafa Babanlı UFAZ-ın yaradılmasını yüksək qiymətləndirib və onun ADNSU ilə əməkdaşlıq çərçivəsində yaradılmasını bu ali məktəbə göstərilən böyük etimad kimi dəyərləndirib.

“Rəhbərlik adından söz verirəm ki, tələbələrin UFAZ-a olan ümidlərini təhsilimiz və UFAZ-a göztərdiyimiz qayğı ilə doğruldacağıq. İndidən burada iştirak edən bütün abituriyentlərə uğurlar arzulayıram”, - deyə prof M. Babanlı bildirib.

Görüşün sonunda təhsil nazirinin müavini Ceyhun Bayramov, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez və ADNSU rektoru professor Mustafa Babanlı görüşdə iştirak edən abituriyentləri sentyabrın 15-də tələbə olaraq təbrik edəcəklərinə əminliklərini ifadə edib, onlara uğurlar diləyiblər.

Son xəbərlər

Orphus sistemi