Təhsil nazirinin müavini: "Dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur"

Təhsil nazirinin müavini: "Dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur" "Doktoranturaya qəbul planı zamanı ölkəmizə gələcəkdə lazım olacaq peşə sahiblərinin hazırlanması nəzərə alınmalıdır"
Elm və təhsil
24 May , 2016 13:02
Təhsil nazirinin müavini: Dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur

Bakı. 24 may. REPORT.AZ/ "Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur. 65 yaşdan yuxarı olanların sayı isə 68,7 faiz təşkil edir".

"Report"un xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransında çıxışı zamanı deyib.

Fəlsəfə doktoru üzrə göstəricilərə gəldikdə, nazir müavini deyib ki, onların yaş nisbəti 30 yaşa qədər 0,8 faiz, 65 yaşdan yuxarı olanların sayı isə 37,8 faizdir: "Bu sahədə mövcud elmi potensial üçün arzu olunan səviyyəni gənclərin elmə marağını artırmaqla nail olmaq olar. Yüksək ixtisaslı elmi kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdən biridir".

C.Bayramov əlavə edib ki, ölkədə təhsil alan doktorantların böyük əksəriyyəti humanitar, sosial və iqtisadiyyatın payına düşür: "Lakin dünyanın və ölkəmizin iqtisadi inkişaf tələbləri daha çox texniki, texnoloji, təbiət, kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasını tələb edir. Ona görə də təhsil müəssisələrində doktoranturaya qəbul planı formalaşdırılarkən ölkəmizə gələcəkdə lazım olacaq peşə sahibləri-mühəndis, texnoloqlar, proqramçı mütəxəssislər, fundamental sahələr üzrə alimlərin hazırlanmasının vacibliyi nəzərə alınmalıdır".

Son xəbərlər

Orphus sistemi