Təhsil nazirinin müavini: “Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın kəmiyyət və keyfiyyət baxımdan artırılması vacibdir”

Təhsil nazirinin müavini: “Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın kəmiyyət və keyfiyyət baxımdan artırılması vacibdir” Londonda Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu keçirilib
Elm və təhsil
11 Fevral , 2016 17:09
Təhsil nazirinin müavini: “Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın kəmiyyət və keyfiyyət baxımdan artırılması vacibdir”
Ceyhun Bayramov

Bakı. 11 fevral. REPORT.AZ/ Londonda Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu keçirilib.

Azərbaycan Təhsil Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, forum Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclası çərçivəsində baş tutub.

Forumun açılış mərasimində Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov və Britaniya Şurasının təhsil məsələləri üzrə direktoru xanım Rebeka Haqs çıxış ediblər.

C.Bayramov çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Krallıq ilə bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunu və təhsilin ən dinamik şəkildə inkişaf edən sahələrdən biri olduğunu, Azərbaycan hökumətinin bilik iqtisadiyyatına keçid dövründə təhsil islahatlarına xüsusi əhəmiyyət verdiyini və Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın bu islahatlar üçün yol xəritəsi olduğunu nəzərə çatdırıb. Nazir müavini iki ölkə arasında ali təhsil sahəsində artıq uğurlu əməkdaşlıq layihələrinin mövcud olduğunu bildirərək, bu layihələrin həm kəmiyyət, həm də keyfiyyət baxımdan artırılmasının vacibliyini vurğulayıb. C.Bayramov Azərbaycan tələbələri üçün Böyük Britaniya ali təhsil müəssisələrinin cəlbediciliyinə də diqqət çəkərək, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ayrılan təqaüdlərin 1/3-nin məhz bu ölkədə təhsil alan tələbələrə verildiyinə diqqət çəkib.

Daha sonra işçi sessiyalar çərçivəsində Azərbaycan və Böyük Britaniya universitetlərinin nümayəndələri ali təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlığın cari durumu və gələcək əməkdaşlıq perspektivləri barədə məruzələrlə çıxış ediblər. Müzakirələr zamanı professor-müəllim və tələbə mübadiləsi, ikili diplom proqramları, birgə elmi tədqiqat layihələri, ali təhsilin idarəolunması sahəsində uğurlu təcrübə mübadiləsi və digər istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi kimi məsələlər ətraflı şəkildə müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi