Tbilisidə azərbaycanlı alimin gürcü dilində çapdan çıxan kitabının təqdimatı keçirilib

Tbilisidə azərbaycanlı alimin gürcü dilində çapdan çıxan kitabının təqdimatı keçirilib Tədbir Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunub
Elm və təhsil
20 Oktyabr , 2017 16:52
Tbilisidə azərbaycanlı alimin gürcü dilində çapdan çıxan kitabının təqdimatı keçirilib
Report

Tbilisi. 20 oktyabr. REPORT.AZ/ İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun gürcü dilində çapdan çıxan “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabının təqdimatı keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunub.
Universitetin prorektoru Mixeil Çxenkeli deyib ki, bu gün iki ölkə arasında elm sahəsində də əlaqələr sürətlə inkişaf edir və bu cür kitablar elm və təhsil sahəsində münasibətlərimizin inkişafında mühüm rol oynayır. O, R. Talıbovun kitabını olduqca sanballı tədqiqat əsəri adlandırıb.

Prorektor kitabın gürcü dilində nəşr olunmasında göstərdiyi dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkür edib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxşında iki ölkə arasındakı qədim dostluq əlaqələrindən danışıb, ümummilli lider Heydər Əliyevin səyi nəticəsində münasibətlərin yeni müstəvidə daha da inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Səfir iki ölkə arasında diplomatik münasibətlərin 25-ci ildönümü ərəfəsində bu cür tədbirlərin keçirilməsinin, Azərbaycan və Gürcüstan alimlərinin əsərlərinin hər iki dildə tərcümə olunmasının vacibliyini qeyd edib.

Bildirib ki, bu gün oxuculara təqdim olunan kitabda Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələri, Azərbaycan-Çin əməkdaşlığı geniş və hərtərəfli tədqiq olunub. Bu da tələbələr və bu sahədə araşdırma aparmaq niyyətində olan tədqiqatçılar üçün fundamental mənbə rolunu oynaya bilər.

Kitabın tərcüməçisi, professor Cabuki Kiriam, tarixçi alim, professor Quram Marxuliya və başqaları çıxış edərək bu elmi əsərin mahiyyətindən danışıblar.

Bildirilib ki, R.Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı qitə ölkələrinin dünya siyasətində və beynəlxalq xarici əlaqələrdəki yerinin və əhəmiyyətinin, həm də Azərbaycanla əlaqələrinin dərindən tədqiq və təhlil edildiyi yüksək elmi-təcrübi əhəmiyyətə malik olan əsər kimi müasir siyasi elmin uğurlarından biri olmaqla, həm də beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbələr, tədqiqatçılar, siyasətçilər, gənc müəllimlər üçün faydalı mənbədir.

Qeyd edək ki, Azərbaycanın Təhsil Nazirliyinin dərslik kimi təsdiq etdiyi “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitab ali məktəblərdə dərslik kimi istifadə olunur. Kitab MDB ölkələrinin bir çoxunun ali məktəblərində də tədris olunur.

Son xəbərlər

Orphus sistemi