“Sağlam Təhsil-Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

“Sağlam Təhsil-Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib Bakı. 18 aprel. REPORT.AZ/ “Sağlam Təhsil-Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib....
Elm və təhsil
18 Aprel , 2017 13:13
“Sağlam Təhsil-Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib
Report.az

Bakı. 18 aprel. REPORT.AZ/ “Sağlam Təhsil-Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib. 

"Report" xəbər verir ki, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli “Sağlam Təhsil - Sağlam Millət” layihəsinin məktəbyaşlı uşaqların inkişafı, maarifləndirilməsi, təhsili və sağlamlığının qorunması kimi mühüm vəzifələrin həllinə yönəldildiyini bildirib.

Onun sözlərinə görə, XXI əsrdə dünyanın bütün ölkələrində təhsil alanların sağlamlığına diqqət artır: "ABŞ, Avropa, MDB, Azərbaycan alimlərinin tədqiqatları göstərir ki, bir çox faktorların mənfi təsirləri nəticəsində uşaq və yeniyetmələrin fiziki, psixi inkişafında müəyyən qüsurlar yaranır. Bu da ilk növbədə uşağın məktəbli dövrünə təsadüf edir. Ona görə də onların məktəbdə oxuduqları dövrdə düzgün şəraitdə inkişaf etdirilmələrinə, sağlam həyat tərzinə riayət olunmasına, düzgün qidalanması və digər faktorlara diqqət yetirilməlidir”.

Təhsil nazirinin müşaviri Həsən Həsənli bildirib ki, hazırda “Sağlam təhsil” sinifləri Bakı və Sumqayıt şəhərlərində yerləşən 35 orta təhsil müəssisəsində fəaliyyət göstərir. Onun sözlərinə görə, “Sağlam Təhsil-Sağlam Millət” layihəsi çərçivəsində şagirdlərin təhsil şəraitindən irəli gələn hərəkət məhdudluğu amilinin aradan qaldırılması və məktəbyaşlı uşaqların sağlamlığının qorunması təmin edilir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev qeyd edib ki, hazırda Təhsil Nazirliyi təhsil sahəsində olan problemləri araşdırır. Optimal həll yollarının tapılacağını deyən komitə sədrinin müavini əlavə edib ki, sağlam həyat və mühit şagirdlər üçün olduqca vacib məsələdir: "Sağlam mühiti yaratmadan sağlam insanı da yetişdirə bilmərik. Bu məqsədlə layihənin birinci mərhələsində kiçikyaşlı məktəblilər sağlam təhsilə cəlb edilib. Gələcəkdə bu sistemin bütün məktəb yaşlı uşaqları əhatə etməsi daha məqsədəuyğun olardı”.

Tədbirin davamında çıxış edən digər qonaqlar uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq olunmasının əhəmiyyətindən bəhs edib, həmçinin sağlam həyat tərzinin məktəblilərə aşılanmasının vacibliyini, əldə olunmuş təhlillərə əsasən bu pilot layihənin məktəblilərin sağlamlığının qorunmasına xidmət etdiyini bildirib və onun gələcəkdə daha da genişlənməsinə ümid etdiklərini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi