​“Neftçi” PFK-nın icraçı direktoru BANM-in futbol həvəskarları ilə görüşüb

​“Neftçi” PFK-nın icraçı direktoru BANM-in futbol həvəskarları ilə görüşüb Elmar Qasımov: "BANM-in yeni kampusunda tikilən idman stadionu respublika futbol oyunlarının keçirilməsi üçün əlverişlidir"
Elm və təhsil
30 Oktyabr , 2015 10:28
​“Neftçi” PFK-nın icraçı direktoru BANM-in futbol həvəskarları ilə görüşüb

Bakı. 30 oktyabr. REPORT.AZ/ “Neftçi” Peşəkar Futbol Klubunun (“Neftçi” PFK) icraçı direktoru Elnur Məmmədov Bakı Ali Neft Məktəbində (BANM) tələbələrlə görüş keçirib. Bu barədə “Report”a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov dəvəti qəbul etdiyi üçün ona tələbələrin adından təşəkkürünü bildirib.

Elmar Qasımov futbolun müasir dövrdə dünya ictimaiyyətinin diqqət mərkəzində olan və insanların asudə vaxtının əsas hissəsini təşkil edən ən populyar idman növü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, son illərdə “Neftçi” PFK-nın fəaliyyətində böyük dönüşün göz qabağında olduğunu vurğulayıb.

E.Qasımov, həmçinin hazırda “Neftçi” PFK-da yerli kadrlara üstünlük verilməsini yüksək qiymətləndirib. O, BANM-in yeni kampusunda tikilən böyük idman stadionunun, nəinki Ali Məktəbin futbol komandaları üçün, həmçinin respublika futbol oyunlarının keçirilməsi üçün əlverişli olduğunu deyib. E.Qasımov Ali Məktəbin tək təhsil ocağı deyil, həm də gənclərin idman bacarıqlarının nümayişi üçün bir platforma olmasının vacibliyini vurğulayıb.

“Neftçi” PFK-nın İcraçı direktoru Elnur Məmmədov öz növbəsində ölkənin ən qabaqcıl ali təhsil ocağında qonaq olmaqdan və ölkənin intellektual gəncliyi ilə görüşməkdən məmnunluğunu ifadə edib. O, Ali Məktəbin gənc futbol həvəskarlarına “Neftçi” PFK-nın fəaliyyət istiqamətləri, hədəfləri, fan-klubu və dövlət tərəfindən futbola göstərilən qayğıdan söz açıb. E.Məmmədov “Neftçi”nin qələbələrində böyük azarkeş dəstəyinin önəmli rol oynadığını qeyd edərək, bu kluba azarkeşlik edən tələbələri “Neftçi” fan-klubuna üzv olaraq futbol oyunlarına dəstək olmağa çağırıb.

Sonra futbol həvəskarları olan tələbələr öz təklif, sual və istəkləri ilə çıxış ediblər. Tələbələrin sualları “Neftçi” PFK-nın İcraçı direktoru tərəfindən cavablandırılaraq, onların təklifləri qeydə alınıb.

Sonda Ali Məktəbə və tələbələrə “Neftçi” klubunun simvolik hədiyyələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi