TQDK sədri köçürməyə imkan verməyən müəllimləri mükafatlandırıb

TQDK sədri köçürməyə imkan verməyən müəllimləri mükafatlandırıb 6 558 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib
Elm və təhsil
29 Yanvar , 2015 11:51
TQDK sədri köçürməyə imkan verməyən müəllimləri mükafatlandırıb

Bakı. 29 yanvar. REPORT.AZ/ 2014-cü ildə keçirilən imtahanlarda xüsusi fərqlənən nəzarətçi-müəllimlər təltif olunub. "Report" xəbər verir ki, tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçilərinin rolundan, üzərilərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib.

O bildirib ki, keçən il keçirilən test imtahanlarına nəzarətçi qismində cəlb edilən 14 392 müəllimdən 9 061 nəfəri buraxılış imtahanlarında, 6 558 nəfəri isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib.

Qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul edilib. Müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçi bazadan xaric olunub.

M.Abbaszadə onu da qeyd edib ki, bu gün mükafatlandırılan nəzarətçilər ən azı 30 imtahanda iştirak ediblər və hər biri də yüksək nəticə göstəriblər: "Onların auditoriyasında heç bir köçürmə və qanun pozuntuları olmayıb. 2014-cü ilin sonunda aparılan araşdırma nəticəsində məlum olub ki, regionda imtahanda iştirak edənlərə verilən məvacib 1 milyon manatdan çox olub. Bu da region müəllimləri və regionların inkişafı üçün kifayət qədər maliyyə dəstəyidir. Fərqlənən müəllimlər arasında Riyaziyyat və Ana dili üzrə fənn müəllimləri yoxdur. Çünki imtahanlara hər zaman qeyri-fənn müəllimləri cəlb olunur. Buraxılış imtahanları isə Ana dili və Riyaziyyatdan olduğu üçün həmin imtahanlara qeyri-fənn müəllimləri cəlb olunur. Nəticədə Ana dili və Riyaziyyat müəllimləri 30 imtahan parametri yığmadığı üçün mükafatlandırılanlar siyahısında yoxdur".

Xatırladaq ki, indiyə qədər TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2017 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 248 müəllim fəxri fərmanlarla təltif edilib.

Fəaliyyəti nümunəvi qiymətləndirilən müəllimlər siyahısında Bakı şəhərinin 258 saylı məktəbindən 14 nəfər; 263 və 271 saylı məktəblərinin hər birindən 12 nəfər; 13, 73 və 283 saylı məktəblərin hər birindən 11 nəfər; 93, 114, 157, 285 və 266 saylı məktəblərin hər birindən 10 nəfər; 36, 39, 55, 99, 129, 135, 144, 150, 191, 286, 290, 299 saylı məktəblərin hər birindən isə 9 nəfər nəzarətçi-müəllimi ilə xüsusi olaraq seçilirlər. Regionlar üzrə isə Gəncə şəhərinin 6 saylı məktəbi 10 nəfər, Şəki şəhərinin 11 saylı məktəbi 13 nəfər, Lənkəran şəhərinin 7 saylı və xarici dil təmayüllü internat tam orta məktəbinin hər biri 12 nəfər; 3, 5 və 10 saylı məktəblərin hər birindən 11 nəfər, 2 saylı məktəbi isə 10 nəfər nəzarətçi-müəllimi ilə fərqlənib.

Qeyd edək ki, TQDK tərəfindən araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb.

Son xəbərlər

Orphus sistemi